22.11.2024, 00:42
AZ EN
01.06.2023, 10:42 302

Şuşada "Şuşa maarifi" adlı sənədli filmin təqdimatı keçirilib

XƏBƏRLƏR
  • Dünən Şuşada Elm və Təhsil Nazirliyinin və İctimai TV-nin birgə hazırladığı "Şuşa maarifi" adlı sənədli filmin təqdimatı keçirilib. Məlumatı Elm və Təhsil Nazirliyinin mətbuat xidməti yayıb.

Təqdimat mərasimində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və digər qonaqlar iştirak ediblər.

Mərasimdə çıxış edən filmin ssenari müəlliflərindən biri, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı qələbə sayəsində bu gün məhz Şuşada film təqdimatının gerçəkləşməsindən məmnunluğunu ifadə edib. Filmin çəkiliş prosesi ilə bağlı təəssüratlarını bölüşən, Azərbaycanın dünyəvi təhsil tarixinin məhz Şuşadan başladığını bir daha vurğulayan Cəsarət Valehov Şuşanın yetişdirdiyi görkəmli şəxsləri təhsilimizin öndərləri olaraq qiymətləndirib.

Bildirilib ki, 49 dəqiqəlik film Şuşanın maarif tarixindən bəhs edir. Filmin ssenari müəlliflərindən digəri Ramil Ələkbərov, rejissoru isə Elçin Qasımovdur. Azərbaycanın ilk dünyəvi məktəbi – Şuşada açılan qəza məktəbindən başlanan tarixdən söz açılan filmdə bu qədim şəhərin xalqımız üçün tarixi və mədəni əhəmiyyəti, həmçinin maarifçilik sahəsində önəmli rolu xüsusilə qeyd olunur.

Filmdə Şuşanın Azərbaycanın təhsil və elm sahəsinə tanınmış alimlər, görkəmli ziyalılar bəxş etdiyi diqqətə çatdırılır, eləcə də maarif tarixini yaradan şəxsiyyətlər barədə danışılır.

Sonda film nümayiş etdirilib. “Şuşa maarifi” filmi izləyicilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, film "Şuşa İli” çərçivəsində hazırlanıb.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər