09.06.2025, 03:01
AZ EN
27.05.2023, 09:00 222

Əli heç kəsin yadından çıxan deyil!

XƏBƏRLƏR
  • Vətən müharibəsi qəhrəmanlarından olan şəhid, əsgər Əsədov Əli Bayram oğlu 2000-ci il mayın 27 -də Ağcabədinin Təzəkənd kəndində anadan olub. 2007-ci ildə kənddə orta məktəbin birinci sinfinə daxil olub və 2017-ci ildə uğurla başa vurub. 2017-ci ilin iyul ayında hərbi xidmətə yollanıb. 2018-ci ilin axırlarında ordu sıralarında hərbi xidməti başa vurub, doğma kəndlərinə qayıdıb. 2020-ci il sentyabrın əvvəllərindən könüllü olaraq orduda müddətdən artıq hərbi qulluqçu kimi xidmət etməyə başlayıb.

Əli Əsədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günündən ön cəbhənin döyüşçüləri sırasında vuruşub. İgid döyüşçü həm də, neçə yaralı əsgəri odu-alovun içərisindən çıxarıb. Yaralı olsa da öz mövqeyini tərk etməyib. Düşmənin xeyli canlı qüvvəsini məhv edərək oktyabrın 11-də əlində silahı qəhrəmanlıqla şəhadətə ucalıb.

Şəhidimiz doğma kəndlərində böyük izdiham və el məhəbbəti ilə  

torpağa tapşırılıb.

Azərbaycanın qəhrəman oğlu Əli Əsədov ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Anası deyir ki, oğlum olduğu üçün demirəm. Əli çox saf, qoçaq uşaq idi. O, özü könüllü bu yolu seçmişdi. Çünki 5-ci sinifdən hərbçi olmaq arzusu vardı. Mən ona görə ağlamıram ki, Əli şəhid olub. Ona görə

ağlayıram ki, gərək Əli qələbəni görəydi. Amma Əli heç kəsin yadından çıxan deyil. Fəxr edirəm ki, mənim belə övladım var. Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Onların hamısı mənim balamdı...

Bu gün 21 yaşında Vətən uğrunda şəhid olan, Zəfər tariximizə öz qanıyla adını əbədi olaraq həkk etdirən Əli Əsədovun doğum günüdür.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun Əli balamız!

Mina RƏŞİD 

Oxşar xəbərlər