23.12.2024, 14:56
AZ EN
21.05.2023, 21:59 225

Aprel döyüşləri kimi Günnüt əməliyyatı da Böyük Zəfərə gedən yolun başlanğıcı oldu

XƏBƏRLƏR
  • Qarabağın işğaldan azad olunması ilə başa çatan 44 günlük Vətən müharibəsi Azərbaycanın hərb tarixinin ən şanlı səhifəsi kimi tarixə yazılmaqla yanaşı, həm də peşəkar ordumuzun qüdrətinin dünyaya növbəti nümayişi oldu. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında həyata keçirilən bütün əks-həmlə əməliyyatları, təmas xəttindəki toqquşmalar, lokal döyüşlərin rəşadətli ordumuzun qələbəsi ilə bitməsi heç də uzaq tarix deyil. Prezident İlham Əliyev Azərbaycanın qüdrətinin rəmzinə çevrilmiş müasir, güclü, peşəkar ordu formalaşdırmaqla xalqımıza məğlubedilməzlik statusu qazandırdı. Baş Sərkərdə xalqımızın uğursuz, matəm işində qeyd etdiyi günlərini unutdurmaqla yanaşı, heç vaxt yaddaşlardan silinməyəcək günləri də bayrama çevirdi.

Bu sözləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Deputat bildirib ki, rəşadətli ordumuzun qəhrəmanlığı ilə başa çatan Günnüt əməliyyatı əslində Aprel döyüşlərinin davamı olaraq Zəfərə gedən yolun başlanğıcı kimi tarixə düşdü. 2018-cı il mayında Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi işğaldan azad olunmaqla yanaşı, bir sıra mühüm yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Günnüt kəndi Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın hərbi qüvvələri tərəfindən işğal olunmuşdu. Düşmən tərəfindən yaşayış ərazimiz məqsədli şəkildə xarabalığa çevrilmiş, işğalçıların talançılığına məruz qalmışdı. Əslində Günnütün zəbt olunması Ermənistan dövlətinin işğalçılıq mahiyyətinin göstəricisi idi. Günnüt kəndinə hərbi müdaxilə ilə Ermənistan Qarabağla yanaşı, bütövlükdə muxtar respublikanın da işğal olunmasına çalışırdı.

“Tarixi yurd yerimizin işğaldan azad olunması ilə nəticələnən Günnüt əməliyyatı bu gün qürur duyduğumuz Azərbaycan Ordusunun şərəfli zəfər tarixinin qəhrəmanlıq səhifələrindən biridir. Günnüt və digər əməliyyatlarla Sılahlı Qüvvələrimiz peşəkarlıq, həm də mülki şəxslərə ənənəvi olaraq toxunmadan düşmənə əxlaq dərsi keçdi. Günnütlə yanaşı, ordumuz Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisini Ermənistanın işğalından azad etməklə tarixi ədaləti bərpa etdi. 2018-cı il mayında muxtar respublikada baş vermiş hərbi əməliyyat Azərbaycanın qələbəsi ilə bitdi. Bu tarixi hadisə ilə Prezident İlham Əliyev erməni mifini darmadağın etməklə Böyük Qələbəyə yol açdı və Azərbaycanı birləşdirən lider kimi ümumxalq qəhrəmanına, istinad nöqtəmizə çevrildi. Bu gün Azərbaycan Bayrağı bir zamanlar həsrətlə baxdığımız Günnütdə, Lələtəpədə, bütün mühüm strateji yüksəkliklərdə, Qarabağda, Şərqi Zəngəzurda dalğalanır”, - deyə R.Mahmudov bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər