Azərbaycan Ordusunun atəşkəs dövründə keçirdiyi uğurlu döyüşlərdən biri də 2018-ci il mayın sonlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi ətrafında və istiqamətində baş verdi. İstər Şərur rayonu və istərsə də bütünlükdə muxtar respublika üçün strateji əhəmiyyət kəsb edən Günnüt kəndi hələ 1992-ci ildə Ermənistanın hərbi qüvvələri tərəfindən işğal olunmuşdu. Bu kənd kifayət qədər qaynar həyata malik idi. Erməni işğalına məruz qaldıqdan sonra isə bu kəndin yaşayış binaları, o cümlədən bir çox sosial obyektlər dağıdıldı, qaynar həyatın hökm sürdüyü qədim yaşayış yeri erməni vandalları tərəfindən xarabalığa çevrildi. Kəndin yaşayış evləri ilə birlikdə məktəbi, tibb məntəqəsi, kitabxanası, eləcə də qəbiristanlığı və məscidi viran hala salındı. Kəndin camaatı isə rayonun digər yaşayış məntəqələrinə, əksəriyyəti isə Şərur rayonundakı Mahmudkəndə köçməyə məcbur oldu.
Erməni hərbi qüvvələrinin nəzarəti altında qalmış Günnüt kəndi və onun ətrafındakı strateji yüksəkliklərin azad edilməsi isə 2018-ci ilin mayında yeniləşmiş Azərbaycan Ordusu tərəfindən yüksək peşəkarlıqla həyata keçirildi. Günnüt döyüşü Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun qüvvələri tərəfindən aparıldı. Bu struktur Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2013-cü il 18 dekabr tarixli Fərmanı əsasında muxtar respublika ərazisində mövcud olan hərbi birliyin bazasında yaradılmışdı.
Naxçıvan Muxtar Respublikasında yeni əməliyyat-strateji ordu vahidinin yaradılması yalnız mövcud olmuş birliyin adının dəyişdirilməsi demək deyildi. Ümumqoşun Ordunun yaradılması Naxçıvanın etibarlı müdafiəsinin təşkili zərurətindən irəli gəlirdi. Nəzərdə tutulmuşdu ki, bu yeni strukturun yaradılması ilə Naxçıvandakı hərbi qüvvələr müstəqil şəkildə muxtar respublikanın müdafiəsini təşkil etməyə qadir olan bir vahidə çevrilsin. Bunun üçün hərbi qüvvələrin idarə edilməsi təkmilləşdirilməli, silah və hərbi texnika ilə təchizatı müasir tələblər səviyyəsinə qaldırılmalı və döyüş hazırlığı da müasir hərbi texnikanın imkanlarına əsaslanan taktika üzərində qurulmalı idi. Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi kimi Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordu da sürətli inkişaf yolu keçdi. Günnüt döyüşünün keçirilməsi ərəfəsində bu Ordu yüksək döyüş hazırlığına malik və ən müasir hərbi texnika və silahlarla təchiz olunmuş qüvvə idi. Bunu Günnüt döyüşləri ərəfəsində, 2018-ci il mayın 16-da Naxçıvana səfər etmiş Prezident, Ali Baş Komandan İlham Əliyev də qeyd edirdi. Onun sözlərinə görə, Naxçıvanın təhlükəsizliyi Azərbaycanın dövlət rəhbərliyinin diqqət mərkəzində dayanan mühüm məsələlərdən biri idi və ona görə də bu istiqamətdə görülən işlərin səmərəliliyinə böyük əhəmiyyət verilirdi.
Dövlətimizin başçısı İlham Əliyevin Naxçıvana səfərindən dərhal sonra Ermənistanın yeni müdafiə və xarici işlər nazirləri Naxçıvanla sərhəd bölgəsinə səfər etdilər. 2018-ci il mayın əvvəllərində Nikol Paşinyanın Ermənistanın baş naziri seçilməsindən sonra bu respublikanın iki nazirinin Naxçıvanla sərhəd xəttinə yollanması, onların burada hərbi qulluqçularla görüşməsi bölgədə hərbi fəallaşmaya gətirib çıxardı. Nəticədə 2018-ci il mayın 20-də ermənilər tərəfindən törədilən təxribat nəticəsində Əlahiddə Ümumqoşun Ordunun əsgəri Adil Tatarov şəhid oldu.
Dünya ictimaiyyətinin diqqətinin keçmiş Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından yayındırılması və gərginlik mərkəzinin Azərbaycan-Ermənistan dövlət sərhəd xəttinin Naxçıvan sahəsinə keçirilməsi cəhdinin qarşısının alınması üçün 2018-ci il mayın 20-də Günnüt döyüşünün başlanmasına qərar verildi. Bu kənd Şərur rayonun Ermənistanla sərhəd xəttində yerləşirdi. Kəndin yerləşdiyi ərazi və onun ətrafı mürəkkəb dağ şəraitinə malik idi. Ona görə də döyüşün planlaşdırılması və aparılması xüsusi məharət və diqqət tələb edirdi. Günnüt əməliyyatının uğurla nəticələnməsi həm müvafiq sahədə iki respublikanın sərhəd xəttinin və bütünlükdə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına, sərhəd xətti boyunca strateji əhəmiyyət kəsb edən yüksəkliklərin ələ keçirilməsinə, Günnüt kəndi ətrafındakı böyük torpaq sahələrinin təsərrüfat dövriyyəsinə qaytarılmasına və nəhayət, həmin bölgədə hərbi təşəbbüsün qazanılmasına yol aça bilərdi. Ona görə də hərbi uğura əsaslı zəmin yarada biləcək döyüş planı hazırlandı. Bu planı həyata keçirməyə qadir olacaq qüvvə və vəsaitlər müəyyənləşdirildi.
Günnüt döyüşü 2018-ci il mayın 27-dək davam etdi və hərbi qüvvələrin qarşısına qoyulmuş tapşırıq tam şəkildə yerinə yetirildi. Nəticədə Günnüt kəndi ilə birlikdə 11 min hektar ərazi Azərbaycan Ordusunun nəzarəti altına gətirildi. Günnüt kəndi ətrafında yerləşən 2065 metr Xunut yüksəkliyi, 1869 metr Mehridağ yüksəkliyi, 1683 metr Qızılqaya yüksəkliyi Ümumqoşun Ordu bölmələrinin nəzarəti altına keçdi. Azad olunmuş ərazilərin 8 min hektarı əkinçilik üçün yaralı olan torpaqlar idi. Qızılqaya yüksəkliyinin ələ keçirilməsi isə Ermənistan ərazisindən keçən Yexeqnadzor-Gorus-Laçın-Xankəndi yolunun nəzarət altına alınmasına imkan verdi.
Günnüt kəndinin erməni işğalından azad olunması bölgədə strateji üstünlüyün qazanılmasından əlavə, Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyi və təsərrüfat həyatı üçün də böyük əhəmiyyət kəsb edirdi. Bu kəndin və onun ətrafında olan ərazilərin erməni nəzarətindən çıxarılması ilə Şərur və Sədərək rayonlarını bütünlüklə, Kəngərli rayonunu isə qismən su ilə təmin edən Arpaçay su dəryaçasının da mühafizəsi təşkil olundu. Çünki erməni millətçiləri bu su dəryaçasını da partlatmaqla Naxçıvan əhalisinin və torpaqlarının su ilə təminatını çətinləşdirmək istəyirdilər. Günnüt kəndinin azad olunması ilə Naxçıvanın təxminən 14 faiz elektrik enerjisini təmin edən Arpaçay-1 və Arpaçay-2 su elektrik stansiyalarının da təhlükəsizliyi təşkil olundu.
Günnüt əməliyyatının keçirilməsindən təxminən bir ay sonra, 2018-ci il iyunun sonlarında çıxışlarının birində Prezident, Ali Baş Komandan İlham Əliyev həmin döyüşün nəticələrini belə qiymətləndirirdi: “Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı bu bayram ərəfəsində - keçən ay Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edildi. Çox böyük mühəndislik və kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi. Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq, rəşadət göstərmişdir. Biz strateji yüksəklikləri zəbt etdik. Biz indi strateji kommunikasiya yollarını nəzarət altında saxlayırıq”.
Ermənistan rəhbərliyi isə Günnüt ətrafında böyük ərazinin nəzarətdən çıxarılmasını hər vasitə ilə pərdələməyə və öz ictimaiyyətindən gizlətməyə çalışdı. Bu respublikanın həm baş naziri, həm də müdafiə naziri bəyanatlar verərək Ermənistan-Naxçıvan sərhədində mövqe dəyişikliklərinin olmadığı, yalnız Azərbaycan tərəfinin xahişi ilə kənd qəbiristanlığının ziyarətinə icazə verilməsi barəsində həqiqətəuyğun olmayan məlumatlar yaymağa başladılar. Bir erməni məlumatına görə isə Azərbaycan tərəfi sərhəd xətti boyunca yalnız möhkəmləndirmə işləri aparmağa cəhd göstərmişdi ki, guya bunun da qarşısını ermənilər almışdı. Amma elə həmin dövrdə bu ölkənin silahlı qüvvələrinin baş qərargahının rəisi olmuş M.Akopyan etiraf edirdi ki, Günnüt döyüşünün nəticələrinə görə Ermənistan çox böyük ərazilərə nəzarəti itirdi. Bir sözlə, Günnüt döyüşü inkişafda olan Azərbaycan Ordusunun gücünün və qüdrətinin yeni ifadəsi oldu. (AZƏRTAC)