Torpaq müqəddəsdir, çünki anadır, vətəndir torpaq. Amma bəzən elə olur ki, yağı düşmən bu müqəddəs torpaqları vəhşicəsinə işğal edir. Lakin heç kəs bununla barışmır, mübarizə aparır, qələbə gününü səbirsizliklə gözləyir. Belə arzularla yaşayan, qələbədə payı olan oğullardan biri də Hidayət Mahir oğlu Nəsiblidir. Hidayət 12 dekabr 1991-ci ildə Füzuli rayonunun Horadiz kəndində anadan olmuşdur. O, orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət etmişdir. Ordudan tərxis olunduqdan sonra MAHHXHQ kimi xidmətini davam etdirmişdir. Vətən müharibəsində H. Nəsibli Füzuli, Cəbrayıl, Şuşa, Xocavənd istiqamətində döyüşmüşdür. Bir əsgər kimi daim qəlbində arzuladığı qələbə sevinci ona da qismət oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Hidayət Mahir oğlu Nəsibli "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur. Qazimiz üçüncü dərəcəli əlildir.
İsa Musayev