Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, saytın baş icraçı direktoru Dov Yardenin jurnalist həmkarı Nurit Qringerlə birgə qələmə aldığı məqalədə Azərbaycana səfərlə bağlı təəssüratlardan bəhs edilib.
Dov Yarden Azərbaycana tanışlıq səfəri zamanı eklektik, lakin homogen bir ölkə kəşf etdiyini vurğulayaraq yazıb: “ABŞ-Azərbaycan Mədəniyyət Fondunun prezidenti Nurit Qringerin dəvəti ilə Cənubi Qafqazın bu ölkəsinə birhəftəlik tanışlıq səfəri üçün bir qrup tanınmış jurnalistə qoşuldum. Mənim marağım qarşısıalınmaz bir təcrübəyə çevrildi. Azərbaycan bu ölkəyə səfər etmək imkanı olan hər kəsə unikal təcrübə təqdim edir. Ona görə də Azərbaycanla Qərbin bir-birinə ehtiyacı var”.
Məqalədə Rusiya, İran, Türkiyə ilə sərhədləri, Xəzər dənizinə çıxışı olan Azərbaycanın strateji, tolerant ölkə olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, sinaqoqla məscidin birgə mövcudluğu ilə bağlı azərbaycanlıların tolerant ruhu bütün dünyaya mesajdır. Mərkəzi Asiya, Xəzər dənizi və Qafqaz dağları arasında yerləşən Azərbaycan, eyni zamanda, Çin–Mərkəzi Asiya–Qərbi Asiya dəhlizi kimi tanınan orta ticarət dəhlizi kimi müəyyənləşdirilə bilər. Azərbaycan Çin və Şərqi Asiya bazarlarını Gürcüstan, Türkiyə və Avropa ilə bağlayır.
Yazıda çoxvektorlu xarici siyasət yürüdən rəsmi Bakının birmənalı olaraq Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi, eyni zamanda, Rusiya ilə balanslı münasibətləri qoruyub saxladığı, dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirmək məqsədilə Türkiyə ilə Şuşa Bəyannaməsi imzaladığı, Rusiya-Ukrayna müharibəsinin səbəb olduğu enerji böhranı ilə əlaqədar Avropa İttifaqı ilə əlaqələrini gücləndirdiyi vurğulanıb, Azərbaycan-İsrail münasibətlərinə xüsusi diqqət cəlb edilib.
Müəllif xatırladıb ki, ABŞ Avropanın enerji təhlükəsizliyinin təmin olunması, ikitərəfli ticarət və investisiyaların genişlənməsi, terrorizm və digər transmilli təhdidlərə qarşı mübarizədə Azərbaycanla əməkdaşlıq edir.
Dov Yarden, həmçinin qeyd edib: “...haqqında çox az şey bildiyim bir ölkəni tanımaq mənim üçün xoş oldu. Azərbaycanın təklif edəcəyi və dünya ilə paylaşacağı, eləcə də Qərbdən öyrənəcəyi çox şey var. Hər iki tərəf sürətləndirilmiş əməkdaşlığa qoşulmalıdır. Bu səfər zamanı yüksək qonaqpərvərliyə görə minnətdaram və “jns.org” saytının baş icraçı direktoru kimi, şübhəsiz ki, Azərbaycanın əsas istiqamət kimi görünməsində mühüm rol oynamağı planlaşdırıram”.