24.04.2025, 21:58
AZ EN
10.05.2023, 09:21 353

Biz Qələbə ilə dönəcəyik!

XƏBƏRLƏR
  • Torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən müharibəsi qəhrəmanlarından biri də Cavid Şaban oğlu Əliyevdir. O, 1996-cı il mayın 10-da Tovuz rayonunun Almalıtala kəndində anadan olub. 2002-2013-cü illərdə Almalıtala kənd tam orta məktəbində təhsil alıb. 2013-cü ildə Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin "Vergi İşi" ixtisasına qəbul olunub. Bir il təhsil aldıqdan sonra 2014-cü ildə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb.

Cavid Əliyev 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. Hərbi xidmətini başa vurduqdan sonra təhsilini davam etdirib, daha sonra isə inşaat sahəsində çalışıb.
Tovuz döyüşləri zamanı Cavid Ordu sıralarına yazılıb. 2020-ci il sentyabrın 27-də torpaqlarımızın azad edilməsi uğrunda başlayan Vətən müharibəsində iştirak etmək üçün SHXÇDX-yə müraciət edib və könüllü müharibəyə yollanıb.

Atası Şaban Əliyev deyir ki, Cavid Bakıda işləyirdi. Martın 19-da kəndə qayıtmışdı. Pandemiyaya görə geri qayıtmadı və burada çalışmağa başladı. Cavid könüllü orduya yazılmışdı. Bir ay Gəncədə təlim keçdi. Təlimlərdə fərqləndiyinə görə onu snayper kimi Xüsusi Təyinatlılarla Füzuliyə apardılar.

Cavidin doğmaları danışır ki, döyüş yoldaşlarının dediyinə görə, Cavid cəsur bir əsgər kimi düşmənlə savaşırdı, qorxu bilməzdi. Dəfələrlə düşmənlə üz-üzə vuruşmuşdu. Onun döyüş yolu Füzulidən başlayaraq Şuşaya qədər davam etdi. Müharibənin bitməsinə bircə gün qalmış Cavid Şuşa-Xankəndi istiqamətində qəhrəmanlıqla şəhadətə ucaldı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Cavid Əliyev ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Bacısı Nazpəri Əliyeva danışdıqca Cavid gözləri önünə gəlir və o göz yaşlarıyla sanki sevimli qardaşını əzizləyir... Cavid bacısına deyirmiş ki, əgər zəng edə bilməsəm narahat olmayın. Atamı anamı Sizə əmanət edirəm. Hər şey yaxşıdır. Evimizə Qələbə ilə qayıdacağam!

Bacısı onu da deyir ki, Cavidin şairliyi də vardı. Xocalıya, Qarabağa aid yazdığı şeirləri indi bizə əmanətdir.  

İndi Əliyevlərin bir təsəllisi odur ki, Cavid tək onların deyil, bütün Azərbaycanın fəxridir.

Bu gün Şuşa fatehi, qəhrəman Şəhidimiz Cavid Əliyevin doğum günüdür.

Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər