24.04.2025, 20:08
AZ EN
07.05.2023, 13:28 247

“Ağdamda Muğam Mərkəzinin təməlinin qoyulması muğama olan dövlət qayğısının göstəricisidir”

XƏBƏRLƏR
  • Qarabağ bölgəsinin Azərbaycan musiqi mədəniyyətində xüsusi yeri var. Təsadüfi deyil ki, Şuşa “Qafqazın konservatoriyası”, Ağdam isə “Qarabağın toy otağı” adlandırılır. Azərbaycan musiqi mədəniyyətinin inkişafında Qarabağ torpağında yaşayıb yaratmış musiqiçilər böyük rol oynayıblar. Qarabağda xüsusən muğam ifaçılığı tarixən inkişaf edib. Qarabağ muğam məktəbi ənənələri bu gün də dövlətimizin qayğısı sayəsində davam və inkişaf etməkdədir. Bu günlərdə Ağdam şəhərində Muğam Mərkəzinin təməlinin qoyulması muğama dövlət qayğısının daha bir göstəricisidir.

Bu fikirləri tanınmış xanəndə Aydın Niftalıoğlu deyib.

A.Niftalıoğlu bildirib ki, Ağdam hər zaman musiqi ocağı olub. Ağdamın torpağı da, suyu da, insanları da musiqidir. Bu musiqi beşiyində Arif Babayev, Qədir Rüstəmov, Ramiz Quliyev, Rəmiş, Xosrov Fərəcov, Aydın Məmmədov, Sədi Məmmədov, Səxavət Məmmədov, Barat Məmmədov, Hafiz Sədrzadə, Paşa Əsədov, Azay Mirəliev, Tacir Abdullayev, Cabir Abdullayev, Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova, Feruz Səxavət, Sevinc Sarıyeva və adını çəkmədiyim onlarla tanınmış musiqiçilər yetişib. Bu musiqiçilərin yetişməsində Ağdam Muğam Məktəbinin, Ağdam Orta İxtisas Musiqi Məktəbinin, "Qarabağ bülbülləri" və "Şur" ansambllarının böyük rolu olub. “Şur” ansamblı nəinki Ağdam rayonunda, eləcə də respublikamızın digər bölgələrində, həmçinin keçmiş SSRİ məkanında konsert proqramları ilə çıxış edirdi. “Şur” ansamblının üzvləri muğam, təsnif və xalq mahnılarımızın gözəl ifası ilə hər zaman tamaşaçıların böyük rəğbətini qazanıb. Muğam və xalq mahnılarımızın mahir ifaçıları Arif Babayev, Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova, Cabir Abdullayev, Feyruz Səxavət, Sabir Abdullayev, Əbülfət Əliyev, Qədir Rüstəmov, Şahmalı Kürdoğlu, Sədi Məmmədov, Səxavət Məmmədov və digər xanəndələr böyük səhnəyə “Şur” ansamblından gəliblər.

Aydın Niftalıoğlu qeyd edib ki, 1990-cı illərin əvvəllərində Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, torpaqlarımızın, o cümlədən Ağdamın işğal edilməsi digər sahələrlə yanaşı mədəniyyətə, musiqiyə, muğam sahəsinə də zərbə vurdu. Lakin Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın muğam sənətinin inkişafına yüksək diqqət və qayğısı sahəsində bu sahə inkişaf etməyə başladı. Məhz bu qayğının bariz göstəricisidir ki, son illərdə Ağdam rayonundan Təyyar Bayramov, Səbuhi İbayev, Elnur Zeynalov, Elşad Aydınoğlu kimi gənc xanəndələr nəsli yetişib.

“Son illərdə Qarabağımızın müxtəlif guşələrində - Ağcabədidə, Füzulidə və Ağdamın Quzanlı qəsəbəsində muğam sənətinin yaşadılması və inkişafı üçün Muğam Mərkəzləri tikilib istifadəyə verilib. Bu günlərdə isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində Muğam Mərkəzinin təməlinin qoyulması mərasimində də iştirak etdilər. Bu, nəinki Ağdam və Qarabağda, ümumilikdə respublikamızda mədəniyyətə, musiqiyə, muğam sənətinə verilən böyük dəyərdir. Əminəm ki, Ağdam Muğam Mərkəzi ölkəmizdə muğamın inkişafına, yeni xanəndələr nəslinin yetişməsinə öz töhfələrini verəcək”, – deyə Aydın Niftalıoğlu bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər