20.10.2024, 03:58
AZ EN
04.05.2023, 11:47 312

30 ildən sonra Mədət Səfərov doğma Zilanlını ziyarət etdi

XƏBƏRLƏR
  • Qubadlı rayonunun Zilanlı kənd sakini Mədət Səfərov 30 ildən sonra dədə-baba yurdu Zilanlı kəndində olub və valideynlərinin qəbirlərini ziyarət edib.

Mədət Səfərov uşaqlığının, gəncliyinin  saf və gözəl anlarını yaşadığı Qubadlıya qayıtmaq arzusundadır. O, deyir ki, doğulub böyüdüyü doğma kəndinin niskilini çox çəkib. Uzun illər nə vaxtsa doğma kəndinə qayıdacağı günün anı ilə yaşayıb. Nəhayət, o an gəlib və indi Səfərovlar ailəsi çox xoşbəxtdir. Bircə qalıb ora köçüb orda yaşamaq.

30 illik həsrətdən sonra Mədət Səfərov ocağına qovuşub.O, yuxularında gördüyü doğma Zilanlı kəndi ilə  görüşünü belə ifadə edir: “Dünyanın ən gözəl yeridi bura, mənim kəndim, sən nə gözəl imişsən”.

-Çayın qırağına getdik, müqəddəs Vətən torpağını öpdüm: “Mənim atam-anam erkən rəhmətə gedib, getdik məzarlarını ziyarət elədik. Sonra evimizə, həyətimizə gəldik, çox kədərlidir, həyətimizdə demək olar ki, heç nə yerində qalmayıb – deyir Mədət Səfərov.

Bir zamanlar Səfərovlar ailəsinin evi olan bu yerdə indi isə quru kol-kosdan başqa heç nə qalmayıb. Amma burada yenidən yeni evlər tikiləcək, hər cür şərait yaradılacaq əhalinin rahat yaşaması üçün. İndi Səfərovlar ailəsinin də bir amalı var: doğma yurdlarında bir ömür yaşamaq...

Nigar Səfərova bildirir ki, ən böyük arzumuz doğma yurdumuza qayıtmaq, orda yaşamaqdır. Süsən Rəhimova da əlavə olaraq bildirir, o günü gözləyirik ki, bizə desinlər, gedin, Zilanlı kəndində yaşayın, Allah qismət eləsin bunu bizə. Nəsilikcə getmək istəyirik. Ümumiyyətlə. Kəndimizin bütün sakinləri hamılıqla getmək istəyir və o günü səbirsizliklə gözləyirik.

Buna isə lap az qalıb, sakinlərin doğma yurdlarına qayıdışı ilə Qubadlı yenidən çal-çağırlı, firəvan günlərini yaşayacaq. Bu əminliyi isə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev yaradıb bu ailədə.    

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər