2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olması Araz Məmmədova çox təsir edib və o döyüşlərə yollanmaq üçün aidiyyəti yerlərə müraciət edib.
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün Vətən müharibəsi başlayanda Azərbaycan Ordusunun ehtiyatda olan əsgəri Araz Məmmədov öz istəyi ilə müharibəyə yollanıb. Vətən müharibəsi zamanı o, Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əvvəlcə snayper kimi, sonra isə Xüsusi Təyinatlı Qüvvələrin heyətində döyüşüb. Suqovuşan istiqamətində düşmən pulemyotçularının məhv edilməsində şücaətlər göstərib. Elə həmin istiqamətdə yüksəkliyin ələ keçirilməsi uğrunda gedən döyüşlər zamanı meşədə gizlənən düşmən qruplarını aşkar edərək məhv edib, onların əsgərləri arasında çaxnaşma yaradaraq idarəetməni pozub.
Ordumuzun cəsur əsgəri, snayper, kəşfiyyatçı Araz Məmmədov noyabrın 4-də Suqovuşan istiqamətindəki vuruşlarda qəhrəmanlıqla şəhadətə ucalıb. Şəhidimiz böyük izdiham və ehtiramla Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamlarına əsasən Araz Məmmədov "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Bu gün Arazın doğmaları onunla qürur duyur. Anası deyir ki, oğlum canını Vətənə sipər elədi və Vətən uğrunda - şərəfli yolda getdi: “Övladım uşaqlıqdan vətənpərvər olub, həmişə dürüstlüyə can atıb, haqqa-ədalətə yoldaş olub. Həmişə deyərdi ki, biz Allahdan başqa heç kəsin qarşısında əyilmərik”.
Atası isə deyir: ”Milli Qəhrəman Polad Həşimovun şəhid olması ona ağır gəldi. Özünə söz verdi ki, o torpaqlar uğrunda savaşacam”.
Qardaşı isə bunu söyləyir: “Araz dedi ki, Qarabağ mənsiz alınsa gərək mən yaşamayam!
Vətən uğrunda savaşa könüllü gedən, müharibədə düşmən üzərinə od yağdıran, anasının dediyi kimi, canını Vətənə sipər edən Araz Məmmədovun bu gün doğum günüdür.
Cənnətdəki doğum günün mübarək, ruhun şad olsun, Şəhidim!
Mina RƏŞİD