23.11.2024, 00:23
AZ EN
28.04.2023, 10:42 248

Vətən sağ olsun!

XƏBƏRLƏR
  • Bu gün Vətən Müharibəsi qəhrəmanlarından olan Şəhid əsgər Orxan Rəşid oğlu Rəhimlinin doğum günüdür. O, 1994-cü il aprelin 28-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 2000-2011-ci illərdə M. F. Axundov adına Xaçmaz kənd 1 nömrəli tam orta məktəbində təhsil alıb. 2011-2015-ci illərdə isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Dağ mədən mühəndisliyi" üzrə ali təhsil alıb. Orxan 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri Orxan Rəhimli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Şuşa uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlər zamanı bir neçə dəfə yaralansa da, döyüşməyə davam edib.

Orxan Rəhimli noyabrın 8-də Şuşa-Xankəndi istiqamətində qəhrəmanlıqla şəhadətə ucalıb. Şəhidimiz noyabrın 16-da doğma Xaçmaz kənd Şəhidlər Xiyabanında böyük bir el məhəbbəti ilə dəfn edilib.

Ölümündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamlarına əsasən "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Doğmalarının dediyinə görə, Orxan mehriban, getdiyi bütün yerlərdə özünə dost tapmağı bacaran, deyən-gülən, şən bir insan olub. Amma torpaqlarımızın düşmən tapdağı altında olması onu həmişə narahat edirdi. Orxan anası, bacısı və nənəsinin ümid yeri idi. Amma onlar bu gün “Vətən sağ olsun!”, deyirlər.

Bu gün Orxanın döyüş yoldaşları ondan fəxarət hissi ilə danışırlar. Deyirlər ki, döyüşlər zamanı Orxan yaralansa da, onu döyüş meydanından uzaqlaşdıra bilməyiblər. Yaralı-yaralı döyüşə davam edib və şəhid olmuş yoldaşlarının qisasını almaq üçün ermənilərin üstünə gedib. Orxan müharibədə böyük şücaətlər göstərib. İkinci dəfə yaralandıqdan sonra isə qəhrəmancasına Şəhid olub.

Şəhidlər ölməz, Vətən bölünməz!

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər