25.06.2025, 20:15
AZ EN
28.04.2023, 08:50 514

Dinamik inkişaf uğurlu siyasətə bağlıdır

XƏBƏRLƏR
  • Bu gün Azərbaycanın hərtərəfli dinamik inkişafı, uğurla həyata keçirilən sosial-iqtisadi, siyasi və hərbi tədbirlər Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamıdır və dövlətimizi uğurlu gələcəyə aparır.

2004-cü ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət quruculuğunun daha perspektivli yeni mərhələsinə qədəm qoyuldu, Regionların mərhələli sosial-iqtisadi inkişafı dövlət proqramları qəbul olundu və həyata keçirilməsinə başlandı. Dövlət başçısının prezidentlik fəaliyyətində verdiyi ilk fərmanlardan biri məhz “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 24 noyabr 2003-cü il tarixli fərman vermişdir.

Regionların inkişafına dair I Dövlət Proqramı Azərbaycanın müxtəlif bölgələrində inkişafın yeni əsaslarını yaratdı, tərəqqi prosesini növbəti uğurlu mərhələyə keçirdi. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nı təsdiq etdi. II Dövlət Proqramının da uğurlu icrası nəticəsində ölkədə qeyri-neft sektorunun davamlı inkişafı, yeni müəssisələrin və iş yerlərinin yaradılması, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun azaldılması ilə bağlı əhəmiyyətli nailiyyətlər əldə olunmuşdu. II proqramda qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi və icra müddətinin başa çatması üçüncü proqramın zəruriliyini ortaya qoydu. 27 fevral 2014-cü il tarixli Fərmanla Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı təsdiqlədi. Bu proqram icrası başa çatmış əvvəlki iki proqram çərçivəsində başlanmış işlərin davam etdirilməsini özündə ehtiva edirdi.

Dövlət proqramlarının icra olunduğu 2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artmışdır.Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir. Hazırda Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla həyata keçirilir.

2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramları çərçivəsində hәyata keçirilәn fəaliyyət uğurlu nәticәlәrlə yadda qalıb. Regionlarda quruculuq-abadlıq işləri geniş vüsət alıb, müasir texnologiyalara əsaslanan yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri açılıb, əhalinin məşğulluq səviyyəsi artıb. Aqrar sahəyə, xüsusən rəqabətqabiliyyətli məhsul istehsalına dövlət tərəfindən dəstək gücləndirilib. Ölkədə biznes mühitinin sağlamlaşdırılmasına, sahibkarlığın inkişafına mühüm önəm verilib, sahibkarlara göstərilən elektron xidmətlərin əhatə dairəsi genişləndirilib.

Ötən illərdə bölgələrdə pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq üzrə dövlət proqramları qəbul edilib.

Son illərdə aparılan nəhəng sosial infrastruktur quruculuğu işləri regionların mənzərəsini tamamilə dəyişib. Bu illər ərzində regionlarda 58 min km. uzunluğunda qaz xətləri, 13 min km. uzunluğunda içməli su xətləri çəkilib, 470-ə yaxın modultipli sutəmizləyici qurğu quraşdırılıb, 16 min km. yollarda təmir-tikinti işləri aparılıb, 470 körpü və tunel istifadəyə verilib. Regionlaın sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları çərçivəsində son 17 ildə 3300-dən çox məktəb, yüzlərlə uşaq bağçası və tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib.

Ölkənin on bölgəsində sənaye zonalarının yaradılması sənayeləşmə prosesinə təkan verib. Sahibkarlığın inkişafına dövlət dəstəyi göstərilməsi sayəsində Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərin verilməsi işləri davam etdirilir. Hazırda Azərbaycan məhsullarının ixrac coğrafiyasını genişləndirmək imkanları araşdırılır. Burada əsas məqsəd rəqabətqabiliyyətli və yüksək keyfiyyət standartlarına malik yerli məhsulların “Made in Azerbaijan” brendi adı altında xarici bazarlara çıxışını genişləndirməkdir. Dövlət proqramlarının uğurlu icrası nəticəsində əvvəlki illə müqayisədə 2019-cu ildə kənd təsərrüfatı emal müəssisələrinin ixracı ümumilikdə 14 faiz artıb. Ölkənin aqrar sektorunun inkişafında böyük rol oynayan aqropark və yerli fermer təsərrüfatının yaradılması istiqamətində işlər davam etdirilir.

Azərbaycanda dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə mühüm işlər görülüb, müvafiq hüquqi baza formalaşıb. Əksər strukturlarda elektron xidmətlərin göstərilməsi təmin edilib. Bununla da bürokratik əngəlləri və korrupsiya halları aradan qaldırılır. Bəyan olunmuş bütün hədəflər - insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan "ASAN xidmət" mərkəzləri yaradıldı.

Dünyada Azərbaycan brendi kimi tanınan 14 "ASAN” xidmətin fəaliyyət göstərməsi paytaxt və bölgələrdə infrastrukturların işini xeyli asanlaşdırmış, əhaliyə xidmət səviyyəsini yüksəltmişdir. Son 10 il ərzində 61 milyon müraciət olmuşdur. Hazırda əhaliyə 300-dən çox xidmət göstərilir. “ASAN xidmət” Azərbaycanın intellektual məhsulunun bir nümunəsidir.

Azərbaycan üçün böyük zəfərlə bitən 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı Strateji Fəaliyyət Planı hazırlanıb. Qarabağın və Şərqi Zəngəzurun bərpası və quruculuq işləri plan üzrə gedir. Artıq icra olunmuş iki layihə - ağıllı Ağalı və Talış kəndlərinə qayıdışın təmin olunması bütün dünyaya bir daha sübut etdi ki, Qarabağın və Şərqi Zəngəzurun gələcəyi məhz Azərbaycanla bağlıdır. İki hava limanı-Füzuli və Zəngilan hava limanları artıq fəaliyyətdədir, Laçın hava limanının inşası davam edir. Keçmiş köçkünlər bu ilin yay aylarında Laçın şəhərinə qayıdacaqlar. Son planlara görə, ancaq fərdi evlərin sayı 570 olacaq, 140-dan çox mənzil hazır olacaqdır.

Dünya miqyasında iqtisadi böhranın, siyasi çaxnaşmaların, hərbi qarşıdurmaların hökm sürdüyü bir vaxtda stabilliyin bərqərar olduğu Azərbaycanın dövlət büdcəsi ildən-ilə artır. Büdcə gəlirləri insanların maddi-sosial rifah halının yüksəlişi ilə bərabər, müzəffər odumuzun sülh naminə daha da güclənməsinə və müasirləşməsinə geniş imkanlar yaradır. 

Biz döyüş meydanında Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu, eyni zamanda hərbi potensialımızı göstərdik. Dövlət başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Müharibədən sonrakı iki il yarım ərzində də ordu quruculuğu məsələlərinə çox böyük diqqət göstərilib. Bugünkü Azərbaycan Ordusu 2020-ci ildə Zəfər çalmış Azərbaycan Ordusundan qat-qat güclüdür”. Niyyətimiz tezliklə sülh müqaviləsinin imzalanmasıdır. Azərbaycan dəfələrlə bəyan etmişdir ki, daxili işlərimizi heç bir ölkə ilə müzakirə etməyəcəyik.

Bu gün Azərbaycan Bayrağı Qarabağda dalğalanır! Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda və yüzlərlə kənddə dalğalanır! Bu gün Azərbaycan Bayrağı Göyçədə, Zəngəzur dağlarında dalğalanır!

Təranə CƏLİLOVA

 Bakı şəhəri, E. Şəmiyev adına

149 saylı tam orta məktəbin müəllimi

Oxşar xəbərlər