22.12.2024, 17:22
AZ EN
25.02.2022, 10:15 391

Azərbaycanın ilk Milli Qəhrəmanı

XƏBƏRLƏR

“Vətən, torpaq uğrunda canını qurban verənlər nura qənşər bir ömrün əbədi yoçularıdırlar. Onlar nə unudulurlar, nə də yaşlaşırlar. Nəsillər bir-birini əvəz edir. Şəhidlər isə örnək və nümunə olaraq əbədi yaşayırlar. Bizim ucaboylu, qaragözlü Aqilimiz kimi...”  Əməkdar Jurnalist Flora Xəlilzadənin bu qürurlu sözləri Xocalının müdafiəçilərindən biri, 1992-ci il fevralın 25-də erməni-sovet hərbi birləşmələrinin şəhərə hücumunun qarşısını alarkən şəhid olan Azərbaycanın Milli Qəhrəman Aqil Sahib oğlu Quliyev haqqındadır...

Quliyev Aqil Sahib oğlu 19 sentyabr 1963-cü ildə Qərbi Azərbaycanın Sisyan rayonunda anadan olmuş, 1980-ci ildə orta məktəbi bitirdikdən sonra Bakıya gəlib indiki Neft Akademiyasında təhsil almağa başlamışdı. Ali təhsilini yarımçıq qoyaraq, hərbi xidmətə yollanan Aqil ordudan tərxis edildikdən sonra başqa bir sahəni seçmiş, Xarkov Ali Milis Məktəbinə daxil olmuşdu.

Ermənistan 1988-ci ildə Qərbi Azərbaycandakı soydaşlarımızı zor gücünə deportasiya edərkən Quliyevlər ailəsi doğma yurddan didərgin düşdü. Bakıda özünə sığınacaq tapan ailənin iki övladı Nəsimi və Xarkovdan vətənə qayıtmış Aqil Milli Orduda xidmətə başladılar. İlk olaraq, Aqil 45 döyüşçü ilə birlikdə Ağdama göndərildi, oradan isə Xocalıya getmək tapşırığı aldı. Nəsimi isə az sonra kəşfiyyat bölüyünün komandiri kimi şəhərin müdafi­əçiləri sırasına qoşuldu. İki cəsur qardaş Xocalının müdafiəsi üçün əllərindən gələni edirdilər.

1992-ci ilin 18 fevralında ermənilər Xocalı şəhərini mühasirəyə aldı. Aqilin komandirlik etdiyi bölük ermənilərlə və Rusiyaya məxsus 366-cı motoatıcı alaya qarşı rəşadətlə vuruşur, torpağımıza göz dikən quldurları məhv edirdilər. Lakin cəsur komandir döyüşdə hər iki ayağından yaralandı. Fevralın 25-də silahdaşları onu təhlükəsiz yerə aparmaq istəyərkən hamılıqla düşmən gülləsinə tuş gəldilər. Aqilin nəşini beş gün sonra hadisə yerindən götürmək mümkün oldu.

Azərbaycan Resbublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Quliyev Aqil Sahib oğlu ölümün­dən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Bakının Bayıl qəsəbəsindəki küçələrdən birinə onun adı verilib. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.

Oxşar xəbərlər