23.12.2024, 09:34
AZ EN
20.04.2023, 13:25 389

Harda dünyaya gəlmisənsə, Vətən ordan başlayır

XƏBƏRLƏR
  • Məmmədovlar ailəsi də Qərbi Azərbaycandan qaçqın düşüblər. Otuz ildən artıqdır ki, Vətən həsrətilə yaşayırlar.

Məmməd Məmmədov, Qərbi Azərbaycanlı:

-Mən 1938-ci ildə Zəngəzur mahalının Qafan rayonunun mərkəzindən xeyli uzaqda ən səfalı yer olan Acıbac kəndində anadan olmuşam. Orda yaşamışam uzun müddət. O vaxtlar yaşlı  adamlar belə bir söz də işlədirdilər ki, Acıbac sözünün mənası acı bay deməkdir, yəni, acları doyuran, aclara xidmət edən. Onu da qeyd edim ki, əslində Qafan rayonunun adını sonradan dəyişdiriblər, əvvəlki adı Mədan olub. Qərbi Azərbaycanın ən səfalı yerlərindən biri bizim Acıbac kəndidi, hər iki tərəf dağlıqdı, güneydə yerləşir. Güney tərəfində də qayalar, yer adları, çay, çəmən, əkin-biçin yerləri, bulaqlar vardı, o dərələrdən gələn çaylar birləşəndə böyük bir çay əmələ gəlirdi, o çayın da adı Böyük çay idi. Düz kəndimizin aşağı hissəsindən keçirdi.

Hələ ciddi söz-söhbət yox idi. Mən Bakı gəlmişdim, qayıdanda gördüm ki, kəndi köçürürlər 1988-ci ildə. Ermənilər tank göndərmişdilər ki, birdən getməməzlik edən olar, tankı görüb qorxsunlar.  Amma bizim ziyalı bir qadın çıxıb tanka gül sancıb, elə bilib ki, onlar gəlib bizi müdafiə etməyə. Atalarımızın yaxşı bir sözü var:  “Sən yazdığını qoy kənara, gör fələk nə yazır”. Onların planı tamamilə başqa imiş. Gecə-gündüz, vaxt verilmədən hamını hara gəldi didərgin saldılar. Anamgili də gətirib tökmüşdülər Ağkəndə. Mən onları getdim orda gördüm. Qış vaxtı idi, soyuq hava, çayın qırağında qalmışdılar. Əzab-əziyyətin içində mən onları götürüb gətirdim Bakıya.

Harda dünyaya gəlmisənsə, Vətən ordan başlayır. Mənim də arzum-istəyim odur ki, gedim o yurd yerlərimizi görüm, o Vətənin həsrətindəyəm. Mən bunu ürəkdən arzulayıram. Gün o gün ola ki, heç olmasa, yaşımın müəyyən hissəsində gedib orda yaşaya bilim, orda dünyamı dəyişim.

Bahar Məmmədova, Qərbi Azərbaycanlı:

-Mən Urut kəndində anadan olmuşam. Zəngəzur şəhidinin ailəsiyəm. Babam Zəngəzur şəhidi olub. O vaxtı ermənilər kəndə gələndə babalarımın ikisi də, bir də böyük əmim, onlar  döyüşüblər. Babaların İslam alimi idilər, o vaxt ərəb, fars dillərini mükəmməl bilirdilər. Şirvanda dini təhsil almışdılar. Böyük əmimə biz ağa deyirik, o da babalarımın yolu ilə getmişdi. Babam çox igid adam olub. Ermənilərə qarşı həmişə mübarizə aparıb. Özünün tüfəngi var idi, Türkiyə tüfəngi deyirdilər, Türkiyədən almışdı. O, ermənilərlə həmişə vuruşub.

Kəndimizin camaat maldarlıqla, əkinçiliklə  məşğul olurdu,  hamının hər şeyi vardı, məktəbimiz, kitabxanalarımız, hər şeyimiz... Yuxularımda həmişə oranı görürəm. Gözümə yuxu gedən kimi o kəndimizi, evimizin qabağındakı o dərələri, dağları, hər yeri görürəm, səhər oyananda görürəm ki, kənddə deyiləm, yuxu imiş. Biz o dədə-baba yurdlarımıza çox bağlıyıq, ora qayırmaq həsrəti ilə yaşayırıq.

Bizi Ağ kənd deyilən Zəngilanla sərhəd olan kəndə gətirdilər. Ordan da kimizi Füzuliyə, kimisi ora-bura, hərə bir yana daşındı, canın götürüb qaçdı. Orda qurulu evlərimiz, hər şeyimiz qaldı.

Biz istəyirik ki, Zəngəzurumuza qayıdaq, babalarımızın qəbrin ziyarət eləyim, kəndimizə, dağımıza, dərəmizə, çaylarımıza illərdir tamarzı qalmışıq. İstəyirəm gedəm oturam öz həyətimizdə, öz qapımızda.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər