"Vətən səsi" xəbər verir ki, yeni sənədə əsasən, kommunal xidmətlər göstərən dövlət müəssisələrin siyahısına İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi də əlavə olunub. Agentlik işğaldan azad edilmiş ərazilərdə yaradılmış sənaye parklarına münasibətdə bu fəaliyyəti həyata keçirəcək.
Digər mühüm dəyişiklik isə agentlik tərəfindən maliyyə yardımının verilməsinə başlanılmasıdır. Nazirlər Kabinetinin həmin qərarı ilə agentlik Qarabağ və Şərqi Zəngəzurda yaradılmış sənaye parklarında istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara istehlak olunan kommunal xidmətlər üzrə maliyyə yardımı ayıracaq. Həmin vəsaitlər “İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən istifadəyə görə maliyyə yardımı göstərilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, 2023-cü il yanvarın 1-dən hesablanaraq sahibkarlara ödəniləcək.
Milli Məclisin deputatı Vüqar Bayramov Nazirlər Kabinetinin qərarını şərh edərkən bildirib ki, sözügedən yardımlar prezidentin müvafiq Fərmanına uyğun olaraq, 2023, 2004 və 205-ci ilin geridə qalan dövrü üçün ödənilən kommunal xidmət haqlarına da şamil olunacaq: "İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər üzrə ödədiyi vəsaitin 20 faizi məbləğində maliyyə yardımı ödənilir. Ödənişlər aylıq olaraq hesablanır və sahibkarın hesabına köçürülür. Güzəştlər 10 il müddəti əhatə edir. Nazirlər Kabinetinin sözügedən qərarı ilə isə bu yardımdan istifadə miqyası daha da genişləndirilib".
Xatırladaq ki, güzəştlərə əsasən, sahibkar ay ərzində 1000 manatlıq kommunal ödəniş edərsə, onun 200 manatı büdcə vəsaiti hesabına geri qaytarılır. Məqsəd işğaldan azad olunan ərazilərimizə daha çox sərmayənin cəlb edilməsi və Qarabağ və Şərqi Zəngəzurda çalışan sahibkarların daha yaxından dəstəklənməsidir.
Elxan SALAHOV