Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün İzmir şəhərində keçirilən Azərbaycan-Türkiyə IV Enerji Forumunda çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, ilkin mərhələdə Naxçıvanda istehsal olunacaq 1 000 MVt-lıq enerjinin Türkiyə və Avropa bazarlarına ixracı üçün zəruri proseslərin həyata keçirilməsi istiqamətində səylərin gücləndirilməsi vacibdir:
"Proseslərin sürətləndirilməsi yeni reallıqlar fonunda xüsusilə aktuallaşır. Naxçıvanla Türkiyə arasında əlverişli elektrik enerjisi bağlantıları Azərbaycanın digər bölgələrindən, Xəzər dənizindən, həmçinin Qazaxıstan və Özbəkistandan gələcək "yaşıl enerji"nin "Cəbrayıl" enerji qovşağı vasitəsilə Ermənistan üzərindən Naxçıvana, oradan isə Türkiyə və Avropaya çatdırılması üçün həllini gözləyən vacib məsələlərdəndir".
P.Şahbazov əlavə edib ki, "Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan yaşıl enerji dəhlizi" layihəsi üzrə artıq Texniki Tapşırıqlar sənədi hazırlanıb:
"Bu istiqamətdə intensiv tədbirlər görmək və planlaşdırılmış qrafik üzrə irəliləmək üçün vaxt yetişib. Hesab edirəm ki, bu Forum bütün layihələrin gedişatına mühüm töhfə verəcək". (Report)