"Vətən səsi" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb. Bildirilib ki, Taube Electronics MMC-yə Sənaye Parkının rezidenti statusu verilib. Rezident parka 3,5 milyon manat investisiya yatıracaq. Layihə çərçivəsində 20-ə yaxın daimi iş yeri yaradılacaq.
Çinin qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisənin illik istehsal gücü 19 500 ədəd televizor təşkil edəcək. Müəssisədə 4 müxtəlif ölçüdə (32, 43, 50, 55 düym) smart televizorların istehsalı planlaşdırılır.
Xatırladaq ki, Araz Vadisi İqtisadi Zonası Sənaye Parkı dövlət başçısının 2021-ci il 4 oktyabr tarixli Fərmanı ilə yaradılıb. 200 hektar ərazini əhatə edən Sənaye Parkında hazırda 17 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib. İndiyədək Parkda görülmüş işlərə 30 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb.
Elxan SALAHOV