Bu fikirləri Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Cavid Abdullayev yerli mətbuata müsahibəsində deyib.
Direktor bildirib ki, Laçın rayonu ərazisində artıq ölçmə işləri aparılır: “Bu ilin sonuna qədər “bankable” adlanan məlumatlar əldə etməyi planlaşdırırıq ki, həmin məlumatlar banklara və investorlara təqdim olunsun. İlkin nəticələr göstərir ki, bölgənin böyük potensialı var.
COP tədbiri çərçivəsində Kəlbəcər rayonu ərazisində də yeni layihələrə start verilməsi ilə bağlı müqavilə imzalanıb. 2025-ci ilin mart ayının sonunda və ya aprelin əvvəlində orada külək enerjisi ilə bağlı ölçmələrə başlanacaq. Bu ölçmələri investorlar həyata keçirəcək, çünki külək elektrik stansiyalarına ciddi maraq var”.
“Ərazi artıq müəyyən edilib. Füzuli rayonu ərazisində isə yeni işlərə yaxın zamanda start veriləcək. Həmin layihə Horadiz qəsəbəsində həyata keçiriləcək. Hazırda sahə hazırlıqları ilə paralel olaraq istehsalçıların seçimi istiqamətində qərarların verilməsi üzərində iş gedir”- deyə C.Abdullayev qeyd edib.
Bütün bu layihələrin icrası ölkənin “yaşıl enerji” potensialını artıracaq və bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası baxımından əhəmiyyətli nəticələr əldə etməyə imkan verəcək.
Hazırladı: G.Quliyeva