Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov Foruma münasibət bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, Davos İqitsadi Forumu yeganə forumdur ki, dünyanın aparıcı dövlət və hökumət başçılarını, biznes, media, eyni zamanda vətəndaş cəmiyyəti liderlərini bir araya gətirir: "Buna görə də təsir və əhatə baxımından Davos İqitsadi Forumu dünyanın ən böyük forumu hesab olunur.
Azərbaycan Davos İqitsadi Forumuna xüsusi önəm verir. Eyni zamanda Davos İqitsadi Forumu da Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Forumda Azərbaycan Prezidentinin iştirakı Azərbaycanda həyata keçirilən islahatların və eləcə də, daha geniş auditoriyaya ölkəmizin strateji baxışlarının təqdimatı baxımından da çox əhəmiyyətlidir.
Davos İqtisadi Forumu Azərbaycan üçün həmçinin xarici sərmayələrin cəlb edilməsi baxımından da vacibdir. Ölkə Prezidenti Davos İqtisadi Forumunda bir çox aparıcı, nüfuzlu şirkətlərin rəhbərləri ilə görüşür və onları işbirliyi üçün Azərbaycana dəvət edir. Artıq dünən bir sıra görüşlər həyata keçirilmişdir.
Yeni dövrün yeni hədəfləri də məhz qeyri-neft sektoruna daha çox xarici sərmayələrin cəlb edilməsini özündə ehtifa edir. Bu kontekstdən Davos İqtisadi Forumu Azərbaycan iqtisadiyyatına, xüsusən də qeyri-neft sektoruna daha çox sərmayənin cəlb edilməsinə zəmin yarada bilər.
Azərbaycan Prezidentinin iştirakı ilə keçirilən görüşlər və aparılan müzakirələr bir daha göstərir ki, Davos İqtisadi Forumunda Azərbaycana xüsusi önəm verirlər. Xüsusi qeyd olunmalıdır ki, bir neçə il öncə Davos İqtisadi Forumunun Cənubi Qafqazı və Orta Asiyanı əhatə edən regional tədbiri ilk dəfə Azərbaycanda keçirildi. Bu da Davos İqtisadi Forumu tərəfindən ölkəmizə necə böyük dəyər verildiyini və vacib tərəfdaşlardan biri kimi qəbul edildiyini bir daha təsdiq edir".
Tahirə AĞAMİRZƏ