"Vətən səsi" xəbər verir ki, yeni nəqliyyat dəhlizinin tikintisi ilə bağlı görüntüləri İranın İRNA agentliyi yayıb. Video-hesabatda Culfa-Kəlalə-Ağbənd yolu layihəsinin icra prosesi ilə bağlı ətraflı məlumatlar verilir. Bildirilir ki, bu yol Naxçıvan-İran sərhədindəki Culfa gömrüyündən başlanaraq Biləsuvar gömrüyünədək davam edən yolun 220 km qısalmasına səbəb olacaq. Həmin yolun uzunluğu 107 kilometrdir. Yolda 20-dən çox tunel nəzərdə tutulub, onların da çoxu tikilib. Yolun 35 kilometri hazırdır, qalan 70 kilometri isə layihələndirmə və maneələrin aradan götürülməsi mərhələsindədir.
Xatırladaq ki, Azərbaycanla İran arasında imzalanmış müqavilələrdən biri Araz çayının cənub hissəsindən Naxçıvana dəmir yolunun tikintisini nəzərdə tutur. Bu layihənin maliyyələşdirilməsini Azərbaycan hökuməti öz üzərinə götürüb. Müqavilələrin imzalanmasından dərhal sonra layihənin həyata keçirilməsi üçün Azərbaycan tərəfi Ağbənddə birgə körpünün inşasına başlayıb. Həmin körpüdə həm dəmir yolu, həm də avtomobil yolu üçün lazım olan infrastruktur qurulur. Layihə üzrə əldə olunan razılaşmaların ikinci hissəsini İran tərəfi həyata keçirir. Buraya İran ərazisində və Arazın cənubunda dəmir yolunun tikintisi daxildir”.
Elxan SALAHOV