"Azərbaycan azad olunmuş ərazilərində hindistanlı iş adamlarını görmək istəyir və onları dəvət edir". Bakıda keçirilən “Best of India” - Hindistan məhsullarının ən böyük eksklüziv Ticarət Sərgisinin açılışında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev belə deyib.
F.Əliyev isə iki ölkə arasında əlaqələrin genişlənməsində maraqlı olduqlarını qeyd edib: "Gənclik vaxtında bizim ən çox sevdiyimiz film Hindistan filmləri idi. Hətta uzaq dağ kəndlərində də onun həsrətində olanlar var idi. Məsafə baxımından iki ölkə uzaqda yerləşsə də ürəklər arasında əlaqə var idi.
Müstəqillikdən sonra ölkələrimiz arasında münasibətlər qurulmağa başladı və indi bu əlaqələr yüksəkdir. Amma biz bununla razı deyilik. İstəyirik ki, əlaqələrimiz daha da inkişaf etsin".
Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna qeyd edib ki, hər il ənənəvi olaraq keçirilən sərgi pandemiya səbəbindən 2 il keçirilməyib: "9 gün ərzində davam edəcək sərgi Hindistanın müstəqilliyinin 75 illiyinə həsr edilib".
Qeyd edək ki, bu ilki sərgi “Best of India” sərgisinin səkkizinci buraxılışı olacaq və bu sərgidə özünün düyü, çay, ədviyyatlar, hədiyyələr, əl işləri, ev mebeli kimi yüksək keyfiyyətli məhsul və xidmətlərini nümayiş etdirəcək Hindistanın 60-a yaxın şirkət iştirak edəcək.
2021-ci il ərzində Hindistan və Azərbaycan arasında ümumi ticarət dövriyyəsi 2020-ci ilə nisbətən 26,8 % artaraq 739,1 milyon ABŞ dolları təşkil edib. ("Report")