“Vətən səsi” xəbər verir ki, işğaldan azad edilmiş ərazilərdə infrastruktur və daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırması çərçivəsində dövlət əmlaklarının siyahısı da hazırlanıb. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Qarabağ iqtisadi rayonuna daxil olan Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında qeydiyyata götürülmüş əmlaklar arasında arasında iri istehsal müəssisələri də var. Dövlət mülkiyyətinə qəbul edilmiş həmin əmlaklara yağ, konserv, şərab və konyak zavodları, müxtəlif karxanalar, çörək və şirə istehsalı sexləri, əmlak kompleksləri və sair əmlaklar aiddir. Məsələn, Xocavənd rayonunun Tağaverdi kəndində yağ zavodu, Xocavənd şəhərində tütün, şərab və konsev zavodları, Cütçü kəndində quşçuluq fabriki, Ağdərə rayonunun Heyvalı kəndində mərmər, Dovşanlı kəndində emal müəssisəsi, Xankəndi şəhərində iki ünvanda şərab-konyak sexi və digər istehsal obyektləri inventarlaşdırılaraq dövlət mülkiyyətinə daxil edilib.
Elxan SALAHOV