Bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
O bildirib ki, həm rəqəmlər, həm də ölkəmizdə formalaşan infrastruktur göstərir ki, son 20 ildə Azərbaycan kifayət qədər fərqli bir dövr keçib.
“Bu dövr Azərbaycan iqtisadiyyatının güclənməsi, qeyri-neft sektoru üçün imkanların genişlənməsi, eyni zamanda, ölkəmizin Cənubi Qafqazda aparıcı iqtisadi gücə çevrilməsi anlamına gəlir. Bütün bunlar Azərbaycanda yeni hədəflərin formalaşmasına gətirib çıxarıb, son 20 il isə dövlətimizin başçısı tərəfindən müəyyənləşdirilmiş hədəflərə nail olunmasına imkan yaradıb. Həm iqtisadi, həm siyasi, eyni zamanda, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası mümkün olub. Artıq yeni dövrümüzün hədəfləri Azərbaycan iqtisadiyyatı üçün vacib imkanlar deməkdir. Yeni hədəflər kontekstində Azərbaycan iqtisadiyyatında islahatların dərinləşməsi, o cümlədən bu sahədə addımların atılması, rəqabətin gücləndirilməsi, gizli iqtisadiyyatın aradan qaldırılması kimi strateji tədbirləri müşahidə edəcəyik. Azərbaycanda yeni dövr, yeni iqtisadi inkişaf deməkdir”, - deyə V.Bayramov qeyd edib. (AZƏRTAC)