Bu barədə Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutundan məlumat verilib.
Belə ki, kanalın yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması işlərinə başlanılıb.
İnstitut qeyd edilən işlərə 7.35 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.
Qeyd edək ki, ölkəmizin ən böyük magistral suvarma kanalı olan Qarabağ kanalı Qarabağ zonası və ona yaxın ərazilərdə yerləşən 9 rayonun 115 min hektaradək əkin sahəsini suvarma suyu ilə və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir, habelə Araz çayı üzərindəki Bəhramtəpə hidroqovşağına əlavə su ötürməklə müvafiq əkin sahələrinin su təminatına dəstək verir.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bu ilin aprelin 15-də Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. (Trend)