21.11.2024, 21:39
AZ EN
25.07.2024, 16:43 179

FAO Qarabağa köçürülən ailələrin yerli mühitə uyğunlaşmasına kömək edəcək

XƏBƏRLƏR
  • BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanın işğaldan azad edilmiş ərazilərində "ağıllı kənd" konsepsiyasının effektivliyini artırmaq məqsədilə sınaq tədbirlərinə başlayıb.

"Vətən səsi" xəbər verir ki, bunu təşkilatın Azərbaycandakı nümayəndəsi və FAO-nun Bakıdakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Məhəmməd Nasar Həyat bildirib. O, qeyd edib ki, Azərbaycan hökumətinin "ağıllı kənd" təşəbbüsü işğaldan azad edilmiş ərazilərdə turizm və yaşıl iqtisadiyyatı prioritet istiqamət kimi seçib. Ümumilikdə isə həmin strategiya Qarabağ və Şərqi Zəngəzurun müxtəlif bölgələrində təbii və iqtisadi potensialın dirçəldilməsinə hesablanıb. Onun sözlərinə görə, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi əsasında FAO da işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış icma üzvlərinin kənd mühitinə və iqtisadiyyatına uyğunlaşmasına kömək edəcək: "FAO bunun üçün texniki ekspertiza təqdim edir və "ağıllı kənd" konsepsiyasını sınaqdan keçirir. Kənd təsərrüfatı istehsalının planlaşdırılması və idarə edilməsində bərpaolunan enerjidən istifadə üçün yeni texnologiyalar və innovativ mexanizmlərin, ekoloji cəhətdən təmiz təcrübələrin və informasiya texnologiyalarının tətbiqinə kömək edir. Texniki dəstəkdən əlavə, FAO avtomatlaşdırılmış damcı suvarma sistemləri, aqrometeoroloji stansiyalar və “ağıllı” suvarma sistemləri kimi zəruri avadanlıq və infrastrukturla təmin edir".

Bundan başqa, icma üzvləri və yerli hakimiyyət orqanları üçün təlim proqramlarının təşkil olunması, gələcək inkişaf və fəaliyyət planlarının hazırlanması və beynəlxalq “ağıllı/rəqəmsal kəndlər”lə icmalar şəbəkəsinin yaradılmasına kömək etmək planlaşdırılır. Təşkilatın Azərbaycandakı nümayəndəsi deyib ki, FAO-nun Qarabağ və Şərqi Zəngəzurda "ağıllı kənd" təşəbbüsü çərçivəsində iştirakı burada davamlı inkişafı təmin etmək məqsədi daşıyır. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə yaşayış şəraitinin yaxşılaşdırılması, kənd yerlərində yerli potensiala uyğun iqtisadi canlanmanın stimullaşdırılması və yaşıl iqtisadiyyatın təşviqi üzrə strateji prioritetlərin dəstəklənməsinə dəstək veriləcək.

Elxan SALAHOV

Oxşar xəbərlər