"Vətən səsi" xəbər verir ki, bu barədə “Veliev” MMC-nin şöbə müdiri Coşqun Ağasiyev deyib. Onun sözlərinə görə, betonu xammal olaraq özləri istifadə edəcəklər. “Veliev” MMC həm də dəmir beton körpülərin tir və dayaqlarını istehsal edəcək: “Bu sahədə işə başlamaq üçün sifarişlərin olması lazımdır. Artıq müxtəlif müəssisələrdən təkliflər gəlib. Hazırda bununla bağlı işlər görülür. Bizdə qəlib sayı çoxdur, bu, bizə sifarişə uyğun iş görməyə imkan verəcək. Sifarişdən əlavə, montaj işlərini də görə biləcəyik. Gündəlik montaj həcminə görə istehsal planlaşdırılacaq”.
Coşqun Ağasiyev onu da bildirib ki, ötən ildən etibarən “Veliev” MMC “Betonist” markası adı altında prefabrik dəmir-beton məmulatlarının istehsalına başlayıb. Onun sözlərinə görə, uzunömürlü olan, qulluq tələb etməyən, quraşdırılması çox sürətli başa gələn bu məmulatlardan anbarların, istehsalat binalarının inşasında və sənaye zonalarının yaradılmasında istifadə edilir: “Artıq Ağdam Sənaye Parkında bir neçə layihəni təhvil vermişik, daha bir neçə layihə üzərində isə işlər aparılır. Bu layihələrdən biri “Araz Vadisi İqtisadi Zonası”nda xarici işıqlandırma elektrik dirəklərinin quraşdırılması ilə bağlıdır”.
Xatırladaq ki, Ağdam Sənaye Parkı Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanı ilə bölgədə rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalı, investorlar üçün əlverişli biznes mühitinin təmin edilməsi məqsədilə yaradılıb. Ağdam Sənaye Parkı rezident sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye parkıdır. İndiyədək rezidentlər tərəfindən sənaye parkına 35 milyon manatdan artıq investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb.
Elxan SALAHOV