Bəs, Qarabağa səfər edən turistlər hansı otellərin xidmətlərindən istifadə edə bilir? Ümumiyyətlə, işğaldan azad edilən ərazilərə səyahət edən, Qarabağın və Şərqi Zəngəzurun gəzməli-görməli yerləri ilə tanış olmaq istəyən turistlər həmin ərazilərdə gecələmək üçün yer tapa bilirlərmi?
"Vətən səsi" mövzunu araşdırarkən məlum olur ki,hazırda işğaldan azad edilmiş şəhər və rayonların yalnız bir neçəsində otel xidmətlərindən istifadə edə bilir. Buraya əsasən Şuşa və Xankəndi şəhərləri daxildi. Digər ərazilərdə isə bərpa və yenidənqurma işləri davam etsə də hələ ki, dağıdılmış otel və mehmanxanların yerində yeniləri tikilməyib.
Statistik təhlillər göstərir ki, Qarabağa səyahət edən turistlərin mütləq əksəriyyəti Şuşa şəhərində gecələməyə, üstünlük verir. Bu, o deməkdir ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın tarixi və təbiəti ilə turistləri cəlb edir. Hazırda Şuşada fəaliyyət göstərən otellərdə gecələmənin qiyməti orta və yüksək səviyyəli xidmətlərə görə dəyişir. Məsələn, "Xarıbülbül" otelində standart otaqların bir günlük qiyməti 180 manatdan, "Qarabağ" otelində isə 250 manatdan başlayır. Hər iki oteldə qiymətlərə səhər yeməyi də daxildir. "Şuşa" və "Yasəmən" otellərində isə qiymətlər "Xarıbülbül" və "Qarabağ"dakına nisbətən bir qədər ucuzdur.
Bundan başqa, hazırda Şuşa şəhərində kiçik hostellər də fəaliyyət göstərir ki, burada bir nəfərin gecələməsi üçün xidməthaqqının orta məbləği qiymət 60 manatdır.
Qarabağın mərkəzi şəhəri sayılan Xankəndiyə də turist axını diqqəti cəlb edir. Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda Xankəndidə iki möhtəşəm hotelin açılışını edib. Hazırda yay tətilindən istifadə edərək bölgəyə səyahət edən turitlər arasında bu şəhərə üz tutanların sayı çoxdur. Bu, otel və müehmanxana xidmətlərinin qiymətlərinə də təsirsiz ötüşmür. Xankəndidə turistlərə yüksək səviyyəli xidmətlər təklif edən "Palace hotel"də standart otaqların bir günlük icarəsi 150-190 manat, "Qarabağ" oteldə isə 240-340 manat aralığında dəyişir.
Laçın şəhəri də turistlərin ən çox diqqətini çəkən bölgələrimizdəndir. Hazırda Laçın şəhərində konteyner tipli otaqlardan ibarət iki otel fəaliyyət göstərir. “Abdallar” otelində standart otaqlar üçün bir günlük qiymət 40 manatdan başlayır. Lakin Şuşa və Xankəndidəki otellərdən fərqli olaraq, buradakı qiymətlərə səhər yeməyi daxil deyil.
Xatırladaq ki, hazırda yaşından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı "Yolumuz Qarabağa" portalı vasitəsilə bilet əldə edərək Şuşa və Laçına səfər edə bilərlər. Xankəndi şəhərinə səyahət etmək istəyənlər isə hələlik gözləməli olacaqlar. Hazırkı şəraitdə yazınız iş yeri Xankəndidə olan şəxslər bu şəhərdə səyahətə çımaq imkanına malikdir. Respublikanın digər şəhər və rayonlarından Xankəndiyə gediş-gəliş xüsusi icazə vasitəsilə mümkündür.
Elxan SALAHOV