"Vətən səsi" xəbər verir ki, “Malıbəy” KSES işğaldan azad edilmiş ərazilərdə özəl sektorla birgə icra edilən ilk su elektrik stansiyası layihəsidir. Layihənin birinci mərhələsi üzrə təməli qoyulan “Malıbəy” stansiyasının istismara verilməsi ildə təxminən 7 min evi elektrik enerjisi ilə təmin etmək imkanı yaradacaq.
Layihə ötən ilin dekabrında “Azərbaycan İnvestisiya Şirkəti” ASC, Türkiyənin “Demirören Yatırım Holding A.Ş.” Şirkətlər Qrupu və “Arges Enerji Team” MMC arasında imzalanmış Birgə İştirak Müqaviləsi əsasında reallaşdırılır. Həmin müqavilənin şərtlərinə görə, tərəfdaşlar 2025-ci ilədək Həkəri və Tərtər çayları üzərində 5 KSES tikərək istismara verməlidir. Layihənin ümumi dəyəri 25 milyon manatdır. Ümumilikdə 13,8 MVt gücündə olan 5 stansiyanın istismar müddəti 30 ildir. Layihənin icrası 25 yeni iş yerinin yaradılmasına imkan verəcək.
Layihə çərçivəsində Laçın rayonu ərazisindən keçən Zabux çayı üzərində I mərhələ üzrə bu gün təməli qoyulan “Malıbəy” - 5,1 MVt, II mərhələ üzrə “Qalaça 2” – 3,4 MVt, “Minkənd” – 1,8 MVt, “Qalaça 1” – 1,1 MVt gücündə, III mərhələ üzrə Kəlbəcər rayonu ərazisindən keçən Tərtər çayı üzərində gücü 2,4 MVt olan “Tərtər 1” kiçik su elektrik stansiyalarının tikintisi planlaşdırılır.
“Malıbəy” KSES-in təmnəlqoyma mərasimində iqtisadiyyat nazirinin müavini Anar Axundov, Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurov, “Demirören Yatırım Holding A.Ş.” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Yıldırım Dəmirörən, “Arges Enerji Team” MMC-nin rəhbəri Mehmet Fehmi Özata və İqtisadiyyat Nazirliyinin aidiyyəti strukturlarının nümayəndələri iştirak ediblər.
Elxan SALAHOV