21.11.2024, 19:26
AZ EN
30.05.2024, 13:25 264

Ağdam Sənaye Parkında bu il 5-dən çox müəssisə fəaliyyətə başlayacaq

XƏBƏRLƏR
  • Bu il Ağdam Sənaye Parkında 5-dən çox müəssisənin fəaliyyətə başlaması nəzərdə tutulur.

Bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.

"Artıq Parkın ərazisinin 60 %-dən çox hissəsi dolub, həmin ərazilər sahibkarların uzun müddətlik istifadəsinə verilib. Digər sənaye zonaları kimi Ağdam Sənaye Parkına da sahibkarlar böyük maraq göstərir. Agentliyin idarəçiliyində olan sənaye parkları arasında Sumqayıt Kimya Sənaye Parkından sonra ən çox rezident sayı hazırda Ağdam Sənaye Parkındadır. Burada ümumi investisiyaları 200,6 milyon manat olan 23 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik verilib. Onlar Parkda ümumilikdə 1 900-dən çox iş yeri yaratmağı nəzərdə tutur. Bu günə qədər rezidentlər Parka 35 milyon manatdan artıq investisiya yatırıb, 300-dək daimi iş yeri yaradıb. Əksər rezidentlər tikinti-quraşdırma işlərini tam başa çatdırıb, yaxın vaxtlarda istehsal fəaliyyətinə başlamağı planlaşdırır. Bəzi rezidentlər isə tikinti-quraşdırma işlərini davam etdirir. Bunların da bəzilərində işlərin bu il yekunlaşması planlaşdırılır", - deyə o qeyd edib.

Sədr vurğulayıb ki, bu il Ağdam Sənaye Parkında havalandırma, yanğınsöndürmə avadanlıqlarının və müxtəlif metal məmulatlarının, tikinti materiallarının, dam örtüklərinin, boru və qutu profillərin, elektrik paylayıcı avadanlıqların və elektrik yuvaların, müxtəlif növ dəmir yolu avadanlıqların, divar kağızlarının, ayaqqabıların istehsalına başlanılması nəzərdə tutulur.

"Həmçinin hazırda Parkda dövlət vəsaiti hesabına rezidentlər üçün infrastrukturun qurulması, elektrik yarımstansiyasının, inzibati binanın tikintisi istiqamətində işlər davam etdirilir", - deyə o əlavə edib. (Report)

Oxşar xəbərlər