08.09.2024, 07:17
AZ EN
13.02.2024, 17:16 188

Sumqayıtdakı zavodun eynisi Cəbrayılda tikilir - istehsal gücü 4 dəfə böyük...

XƏBƏRLƏR

İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında gələn ildən dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsalına başlayacaq.

"Vətən səsi" xəbər verir ki, bunu Sənaye Parkının rezidentlərindən biri olan “Prestij-Kimya“ MMC-nin təsisçisi və direktoru Rüfət Pirişov bildirib. Onun sözlərinə görə, “Araz Vadisi İqtisadi Zonası”nda yeni zavodun tikilməsi ilə əlaqədar müəyyən işlər görülüb. Bu ilin sonuna kimi zavodun tikintisinin yekunlaşması, gələn ildən isə onun fəaliyyətə başlaması nəzərdə tutulur. Yeni zavodun inşası üçün tələb olunan sərmayənin ümumi məbləği 5 milyon manatdan çoxdur. İndiyədək bu zavodun tikintisinə 1,6 milyon manat sərmayə yatırılıb.

Rüfət Pirişov hazırda Sumqayıtdakı zavodda da dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsullar istehsal etdiklərini, yeni zavodun gündəlik istehsal gücünün Sumqayıtdakı zavoddan 4 dəfə çox olacağını söyləyib: “Sumqayıtda zavodun gündəlik istehsal gücü 30-31 tondur. Biz “Araz Vadisi İqtisadi Zonası”nda gündəlik istehsal gücünü 110-120 tona qaldıracağıq".

Şirkət direktoru bildirib ki, hazırda məhsullarını Türkiyə, Rusiya və Gürcüstana ixrac edirlər: "Rusiya, Qazaxıstan, Gürcüstan bazarı ilə bağlı yerinə yetirə bilmədiyimiz sifarişlər var. Rusiyada bir marketlər şəbəkəsinə aylıq sifarişimizin yalnız 21 faizini təmin edə bilirik. Məqsədimiz odur ki, istehsalımız genişləndikdən sonra bu sifarişi 100 faiz təmin edə bilək”.

Xatırladaq ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı Azərbaycan Prezidenti İlham Əliyevin fərmanına əsasən 2021-ci ildə Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində yaradılıb. Hazırda Sənaye Parkının 7 rezidenti var.

Elxan SALAHOV

Oxşar xəbərlər