19.10.2024, 07:55
AZ EN
07.12.2023, 17:42 206

Qarabağ və Şərqi Zəngəzurda vergi güzəştləri o sahibkarlara şamil olunur ki...

XƏBƏRLƏR

İşğaldan azad olunmuş ərazilərdə öz biznesini qurmaq arzusunda olan kiçik və orta sahibkarlığa dəstək ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Məhz bunun nəticəsidir ki, təkcə bu ulin 9 ayı ərzində həmin ərazilərdə 1783 nəfər VÖEN əsasında fərdi sahibkarlıq fəaliyyətinə başlayıb. Həmin sahibkarların demək olar ki, hamısı bilavasitə fəaliyyət göstərdikləri ərazidə yerli sakin kimi qeydiyyatda olan vətəndaşlardır.

"Vətən səsi" xatırladır ki, prezident İlham Əliyevin 10 dekabr 2021-ci il tarixdə imzaladığı “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamda Nazirlər Kabinetinə bilavasitə həmin ərazilərdə fəaliyyətə başlayan kiçik və orta sahibkarlara öz bizneslərini qurmaq üçün lazımı şəraitin yaradılması barədə iki mühüm tapşırıq verilib. Tapşırıqlardan birincisi işğaldan azad edilmiş ərazilərdə həm də xidmət infrastrukturunun yaradılmasına yönəlik vergi, sosial sığorta və digər güzəştlərin tətbiqi ilə bağlıdır. Məhz bundan sonra Qarabağ və Şərqi Zəngəzurda biznes mühitinin dəstəklənməsi və həmin ərazilərdə məşğulluğun təmin edilməsi məqəsdilə Vergi Məsəlləsinə ayrıca fəsil əlavə edilib. 2023-cü ilin yanvarından qüvvəyə minən dəyişikliklərə əsasən, işğaldan azad edilmiş ərazilərdə vergi güzəştləri bilavasitə həmin bölgədə fəaliyyət göstərən bütün sahibkarlara, o cümlədən VÖEN əsasında kiçik bizneslə məşğul olan fiziki şəxslərə də şamil edilir. Belə ki, Vergi Məcəlləsinin 227.1-ci maddəsinə əsasən, işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar.

Vergi qanunvericiliyinin tələblərinə əsasən, vergi azadolmalarının tətbiqi üçün fəaliyyət sahələrindən asılı olaraq bir sıra şərtlər tələb olunur.

İstehsal, emal və hasilat fəaliyyəti sahəsi üzrə vergi azadolmaları işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və həmin ərazilərdə bu fəaliyyəti göstərən vergi ödəyicilərinə münasibətdə tətbiq edilir. Vergi azadolması istehsal, o cümlədən emal və ya hasil edilərək işğaldan azad edilmiş ərazi daxilində və ya həmin ərazidən kənara təqdim edilən, habelə Azərbaycan Respublikasının ərazisindən ixrac edilən mallara görə əldə olunan gəlirlərə şamil edilir. Buraya topdansatış ticarət də aiddir. Belə ki, topdansatış ticarət, tikinti və xidmət (əhaliyə göstərilən xidmətlər istisna olmaqla) sahələri üzrə vergi azadolmaları işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazinin rezidentlərinə təqdim edən hüquqi və fiziki şəxslərə münasibətdə tətbiq edilir. Sahibkarlar malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazidən kənarda fəaliyyət göstərən şəxslərə təqdim etdikləri, yaxud da Azərbaycan Respublikası ərazisindən ixrac etdikləri halda, bu maddədə nəzərdə tutulan vergi azadolmaları həmin şəxslərə şamil edilmir.

Məsələn, turizm, pərakəndə ticarət, ictimai iaşə və digər əhaliyə xidmət sahələri üzrə vergi azadolmaları işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və həmin ərazilərdə fəaliyyət göstərən vergi ödəyicilərinə münasibətdə tətbiq edilir. Lakin bəzi fəaliyyət növləri ilə məşğul olan sahibkarlar işğaldan azad edilmiş ərazi ilə yanaşı, həmin ərazidən kənarda da eyni növ fəaliyyəti həyata keçirdiyi halda vergi azadolmaları həmin şəxslərə şamil edilmir.

Vergi azadolmaları həmçinin maliyyə və avtonəqliyyat vasitələri ilə yükdaşıma sahələrində fəaliyyət göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edilməsi kimi fəaliyyət növləri və əməliyyatlara aid deyil.
Bundan başqa, işğaldan azad edilmiş ərazidə vergi uçotunda olmasına baxmayaraq, Azərbaycan Respublikasının digər şəhər və rayonlarında fəaliyyət göstərən vergi ödəyiciləri işğaldan azad edilmiş ərazinin rezidenti sayılmır və həmin şəxslərə Vergi Məcəlləsinin XIX fəslində nəzərdə tutulmuş vergi güzəştləri şamil edilmir.

Elxan SALAHOV

Oxşar xəbərlər