18.01.2026, 21:18
AZ EN
07.01.2026, 09:11 217

Sosial islahatların davamlılığı rifahı təmin edir

XƏBƏRLƏR
  • Son illərdə Azərbaycanda aparılan sosial islahatlar və əhalinin rifahına yönəlmiş addımlar dövlətin sosialyönlü siyasətinin davamlılığını nümayiş etdirir. Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə bildirib ki, son yeddi il ərzində ölkədə 5 sosial islahat paketi həyata keçirilib və bu paketlər ümumilikdə 4 milyon vətəndaşı əhatə edib.

Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, yalnız 2023-cü ildə həyata keçirilmiş 5-ci sosial paket 3 milyondan çox vətəndaşa şamil olunub. Bu islahatlar sosial təminat sisteminin daha da güclənməsinə səbəb olub. 2025-ci il üçün nəzərdə tutulan artımlar məqsədilə dövlət büdcəsindən əlavə 1,4 milyard manat vəsait ayrılıb. Bu da göstərir ki, 2020-ci ildən sonra Prezidentin təşəbbüsü ilə reallaşdırılan sosial dəstək paketləri üçün ümumilikdə 7,6 milyard manat sərf olunub.

Millət vəkili əlavə edib ki, bu aydan etibarən bütün növ pensiyaların indeksləşdirilərək artırılması baş verəcək. 9.2 faiz artırılacağı gözlənilən pensiya artımları 1 milyon 100 mindən çox vətəndaşımıza şamil olunaraq yanvar ayından hesablanacaq. V.Bayramovun sözlərinə görə, bu bütün növ əmək pensiyalarını, o cümlədən yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyaları alan bütün vətəndaşlarımıza şamil olunacaq.

Bu həmçinin o deməkdir ki, 540 manat məbləğində orta pensiya alan vətəndaşımızın pensiyasında bu aydan 50 manata yaxın artım olacaq. Yanvar ayının artımı fevral ayını artımı ilə birlikdə ödəniləcək. Nəticədə, 2026-cı ildə Azərbaycanda orta aylıq pensiyanın təxminən 590 manat olacağı proqnozlaşdırılır, yaşa görə orta pensiya isə 629 manata çatacaq və bu məbləğ 2025-ci illə müqayisədə 7.9%-dən çox artım deməkdir.

2026-cı ilin dövlət büdcəsindən sosial istiqamətə 17.1 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu il büdcə xərclərinin 41 faizindən çoxu sosial istiqamətə yönələcək. Bu 2026-cı ildə də sosial təminatın güclənməsinin əsas prioritetlərdən olacağından xəbər verir.

Deputat qeyd edib ki, bu addımlar əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, eyni zamanda ölkədə sosial sabitliyin möhkəmlənməsinə xidmət edir. Sosial islahatların davamlı xarakter alması ölkənin uzunmüddətli inkişaf strategiyasında əhalinin rifah halının əsas prioritetlərdən biri olduğunu bir daha göstərir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər