Hazırda sənaye infrastrukturu yenidən bərpa olunur. 190 hektarlıq Ağdam Sənaye Parkının ərazisi artıq demək olar ki, rezidentlərin ixtiyarına verilib. Ağdam Sənaye Parkında ilk müəssisə fəaliyyətə başlayıb. Zavod Ağdam şəhərindəki və Ağdam Sənaye Parkındakı tikililəri betonla təmin edir. Qeyd edək ki, zavod saatda 100-200 kubmetr beton istehsal etmək gücünə malikdir. Ağdam Sənaye Parkında yaxın vaxtlarda dam örtükləri istehsal müəssisəsi də işə düşəcək. Bununla bağlı hazırda ərazidə tikinti işləri aparılır.
Şirkətin nümayəndəsi Seymur Bərdəliyev İTV-yə açıqlamasında bildirib ki, zavod əsasən növbəti ilin ortalarına kimi yekunlaşdırmağı planlaşdırır və ondan sonra isə avadanlıq quraşdırılaraq tam gücü ilə ilin sonunda istehsalata başlayacaq. Sənaye Parkında istehsal olunacaq məhsullar daxili bazarı təmin etməklə yanaşı, eyni zamanda xarici bazarlara da ixrac olunacaq.
Zavodun ümumi sahəsi 3200 kvadratdır. Hazırda zavodun yanğın sisteminin hazırlanması üçün boruların rənglənməsi əməliyyatları aparılır.
Sənaye Parkı bölgə üçün geniş məşğulluq imkanları yaradır. Burda çalışanların əksəriyyəti Ağdam sakinləridir. Elə 64 yaşlı Adil Vəliyev də 11 aydır el-obasında işləməyin sevincini yaşayır və öz torpağında çalışmağın qürurvrrici bir hiss olduğunu dilə gətirir.
Qeyd edək ki, digər müəssisədə isə boru və qutu profillərin istehsalı olacaq. Bunun üçün tikinti zamanı hər bir detal xüsusi düşünülür.
İstehsalat rəhbəri Roman İsmayılov isə deyir ki, təxmini biz burada ilin sonuna qədər illik məhsuldarlıqı 100 min tona yaxın məhsul istehsal etməyi planlaşdırırıq. Hal-hazırda bir rezident kimi bizə yaradılan şərait çox yüksək səviyyədədir. Bizim bu layihədə, yəni işıq, su, qaz dövlət tərəfindən təmin olunur. Yəni o üstünlüklər bizdə olduğu üçün biz Ağdam Sənaye Parkını seçmişik.
Vurğulayaq ki, Ağdam Sənaye Parkında sahibkarlar üçün güzəştlər bununla da bitmir. Belə ki, rezidentlər 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən azaddır. Eləcə də istehsal məqsədilə idxal edilən texnika və avadanlıqlar əlavə dəyər vergisi və gömrük rüsumlarından azad olunurlar.
İqtisadi Zonaların İnkişafı Agentliyinin rəsmisi, Seymur Adıgözəlov isə bildirir ki, açılışı olan müəssisələrə misal olaraq divar kağızları, dam örtükləri, boru və profillərin, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatlarının, həmçinin bir neçə növdə ayaqqabıların istehsalını həyata keçirəcək müəssisələri aid etmək olar.
Sənaye Parkına daha 25 sahibkar tərəfindən 176 milyon manatdan çox investisiyanın yatırılması gözlənilir. Burda ümumilikdə 1600-dən çox işçinin çalışması nəzərdə tutulub.
Hazırladı: Tahirə AĞAMİRZƏ