19.10.2024, 03:36
AZ EN
30.10.2023, 17:42 180

Azərbaycanda Amerika Ticarət Palatası xarici investorları Qarabağa dəvət edir

XƏBƏRLƏR

"İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. Həmçinin, həmin ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının dividend gəlirləri də yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azaddır. Əminik ki, bu güzəştlər azad olunmuş ərazilərdə biznesin inkişafına, biznes mühitinin gücləndirilməsinə və ümumiyyətlə, Azərbaycanın regionda biznes rəqabətqabiliyyətliliyinə təkan verəcək və xarici investisiyaların cəlb olunmasına yardım edəcək".

"Vətən səsi" xəbər verir ki, bunu Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) icraçı direktoru Gülnarə Aslanbəyli vergilər.az-a müsahibəsində bildirib. O, qeyd edib ki, “AmCham” hazırda Azərbaycana birbaşa xarici investisiyaların cəlb olunması üçün bir sıra tədbirlər həyata keçirir. İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün nəzərdə tutulan güzəştlər haqqında potensial xarici investorların məlumatlandırılması da buna daxildir: "Düşünürəm ki, bu ərazilərdə əlverişli biznes mühitinin qurulması üçün stimullaşdırıcı addımlar davamlı olmalı, güzəştlərin sayı və əhatə dairəsi genişlənməlidir. Lakin qarşıda duran işlərin miqyasını nəzərə alaraq, əlbəttə ki, bütün bunlar üçün müəyyən qədər vaxt tələb olunur".

İcraçı direktor deyib ki, işğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın yenidən qurulmasında istiqamətində “AmCham”ın başlıca vəzifəsi yerli və xarici investorların cəlbi məqsədilə maarifləndirici və məlumatlandırıcı tədbirlərin keçirilməsidir. Onun sözlərinə görə, bu qurumun təşkilatçılığı ilə azad olunmuş ərazilərə biznes nümayəndələrinin səfərləri təşkil olunub, onlara yerində görülən bərpa və quruculuq işləri, yeniliklər barədə ətraflı məlumat verilib: "Bu səfərlərdən biri Ağdam rayonuna edilib və bu səfər həm özəl, həm də dövlət sektoru tərəfindən olduqca müsbət qarşılanıb. Azad olunmuş ərazilərə səyahətlə bağlı münasib vəziyyət yarandıqca, belə səfərlərin sayını çoxaltmağı planlaşdırırıq".

Xatırladaq ki, “AmCham Azərbaycan” ölkəmizdə xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən aparıcı özəl, qeyri-kommersiya biznes birliyidir. Ticarət Palatası Azərbaycanda bütün xarici investisiyaların təxminən 80 faizini, eləcə də yerli investisiyaların əhəmiyyətli hissəsini təmsil edir. Ölkənin ən böyük və nüfuzlu təşkilatlarından biri olan, geniş şəbəkə imkanlarını təmin edən “AmCham Azərbaycan” üzvlərinin ticarət və sərmayə maraqlarını effektiv şəkildə müdafiə edir.
Bu qurum həm də Azərbaycanda ən böyük və uzun müddət fəaliyyət göstərən biznes assosiasiyasıdır. Belə ki, 1996-cı ildə yaradılmış “AmCham Azərbaycan” ölkə iqtisadiyyatının bütün sektorlarında təmsil olunan 270-dən çox şirkəti özündə birləşdirir.

Elxan SALAHOV

Oxşar xəbərlər