Vergi Məcəlləsinə “İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri” adlı ayrıca fəsil əlavə edilib
Bəs, bu məqsədlərə nail olmaq üçün işğaldan azad edilmiş ərazilərdə hansı vergi güzəştləri tətbiq olunacaq?
“Vətən səsi”az xəbər verir ki, mövzunu şərh edən iqtisadçı Anar Bayramovun sözlərinə görə, tapşırıqlardan birincisi işğaldan azad edilmiş ərazilərdə iqtisadi resursların və əmək resurslarının səmərəli idarə olunması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi məqsədilə vergi güzəştlərinin, sosial sığorta və digər güzəştlərin tətbiqi ilə bağlıdır. Digər tapşırığa əsasən, işğaldan azad edilmiş ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsidir.
Anar Bayramov deyib ki, 2023-cü il yanvarın 1-dən Vergi Məcəlləsinə vergi güzəştlərinin tətbiqi ilə bağlı “İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri” adlı ayrıca fəsil əlavə edilib. Vergi Məcəlləsinə əlavə edilən 226.1-ci maddəyə əsasən, XIX fəsil işğaldan azad edilmiş ərazilərdə həmin ərazinin rezidentlərinə verilən vergi azadolmaları, həmin azadolmaların tətbiq edildiyi subyektlərin və əməliyyatların dairəsi ilə bağlı məsələləri əhatə edir. İşğaldan azad edilmiş ərazilərdə vergitutma ilə bağlı bütün digər məsələlər bu Məcəllənin I – XVII fəsillərinə uyğun olaraq tənzimlənir”.
Anar Bayramov bildirib ki, Vergi Məcəlləsinin XIX fəsil yalnız işğaldan azad edilmiş ərazilərdə həmin ərazinin rezidentlərinə verilən vergi azadolmaları, həmin azadolmaların tətbiq edildiyi subyektlərin və əməliyyatların dairəsi ilə bağlı məsələləri özündə əks etdirir. Başqa məsələlər üzrə yanaşma Vergi Məcəlləsinin digər fəsillərinə uyğun olaraq həyata keçiriləcək.
Elxan SALAHOV