Bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə heyətinin sədri Elşad Nuriyev deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin 10 dekabr 2021-ci ildə işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında imzaladığı Sərəncamına əsasən, orada fəaliyyət göstərən sahibkarlara əlavə güzəştlər tətbiq olunur.
"Söhbət bu ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlərin müəyyən edilməsi, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və bu istiqamətdə zəruri dövlət dəstəyinin gücləndirilməsi. kimi əlavə güzəştlərdən gedir. Bu cür güzəştlər paketi hazırlanır və baxılması üçün Nazirlər Kabinetinə veriləcək. Azad edilmiş ərazilərdə rezidentlər həm mövcud, həm də hazırlanmaqda olan güzəştlərdən yararlana biləcək", - deyə o bildirib.
Onun sözlərinə görə, mənfəət vergisindən azad olunma və digər təşviqlər sahibkarların sənaye zonalarının ərazisində biznes yaratmaq üçün marağının artmasına xidmət edir.
"İndiyədək sənaye zonalarında 104 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 58-i fəaliyyətə başlayıb. Sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,4 milyard manatdan çox investisiya yatırılıb və 10 000-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 400 mln manatadək investisiyanın yatırılması və 2 600-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur", - agentlik rəhbəri bildirib.
E.Nuriyev qeyd edib ki, BƏƏ kapitallı şirkət olan “Expert Services FZE” tərəfindən Ağdam Sənaye Parkı ərazisində ağır texnikaya texniki xidmət mərkəzinin təşkili layihəsi həyata keçiriləcək.
"Hazırda parkın 9 rezidenti var və bu rezidentlər tərəfindən Sənaye Parkına 50 milyon manatdan çox investisiyanın yatırılması və 1000-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Rezidentlər müxtəlif çeşiddə sintetik xalçaların, prefabrik dəmir-beton məmulatların, alternativ və bərpaolunan enerji mənbələri ilə (əsasən günəş enerjisi) qidalanan işıq dirəklərinin və digər qurğuların, polimer məhsulların, uniforma, xüsusi və fərdi geyimlərin, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların, dam örtüklərinin, metal məmulatların istehsalı və ağır texnikaya texniki xidmət mərkəzinin təşkili layihələri həyata keçiriləcək", - o deyib.
O əlavə edib ki, əvvəllər Azərbaycana idxal olunan məhsulların bir qismi artıq sənaye zonalarında istehsal edilir.
"Bir məsələni diqqətə çatdırım ki, hazırda sənaye zonalarında əvvəlki dövrlərdə idxal hesabına təmin edilən azot gübrəsi, polimerlər, ferroərintilər, tütün məmulatları, aqrokimyəvi məhsullar, sənaye istifadəsi üçün torbalar, tibbi maskalar, şüşə lövhələr, şpris istehsalı, tekstil kimi yeni məhsullar istehsal edilir. Bu məhsullardan çoxu daxili bazara satılmaqla yanaşı, dünyanın bir çox ölkəsinə də ixrac edilir", deyə o bildirib.
E.Nuriyev xatırladıb ki, bu günədək Azərbaycanın sənaye zonalarında 6,5 milyard manatdan çox məhsul istehsal edilib.
"Bunun 2,1 milyard manatı (təqribən 32 faizi) ixrac olunub. Diqqətə çatdırmaq istəyirəm ki, sənaye zonalarında məhsul istehsalı və ixracı istiqamətində ilbəil artım müşahidə olunur. Statistik göstəricilərə əsaslanaraq deyə bilərəm ki, 2021-ci ilin I rübündə sənaye zonalarında 373 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2022-ci ilin I rübündə 681 milyon manatlıq (82,6 faiz artım) məhsul istehsal olunub. İxrac isə 2021-ci ilin analoji dövrü (119,9 milyon manat) ilə müqayisədə təqribən 2,7 dəfə artaraq 318 milyon manat təşkil edib. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 40-dan çox ölkəsinə ixrac edilib", - deyə agentlik sədri sözlərini yekunlaşdırıb. (Trend)