İşğaldan azad olunmuş ərazilərdə tikinti-quraşdırma işlərinin icrasına yönəldilən vəsaitlərin həcminə görə ilk üç rayon: Laçın, Kəlbəcər, Füzuli
“Vətən səsi” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hazırladığı yarımillik hesabatda deyilir. Bildirilir ki, hesabat dövründə Qarabağ iqtisadi rayonuna investisiyalar 727 milyon 351,3 min manat (2023-cü ilin yanvar-iyun aylarında Azərbaycan üzrə əsas kapitala yönəldilmiş bütün investisiyaların 21,3 faizi) təşkil edib. Bunun 701 milyon 15,8 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə yönəldilib. Bu ilin 6 ayında Qarabağ iqtisadi rayonuna kapital qoyuluşu 2022-ci ilin eyni dövrü ilə müqayisədə 77,5 faiz, tikinti-quraşdırma işlərinə kapital qoyuluşu isə 78,2 faiz artıb.
Dövlət Statistika Komitəsinin hesablamalarına görə, investisiyaların böyük hissəsi, yəni 319 milyon 480,9 min manatı (Qarabağ üzrə bütün investisiyaların 43,9 faizi) Füzuli rayonuna yatırılıb. Bu, 2022-ci ilin yanvar-iyun aylarının göstəricisindən 84,9 faiz çoxdur. Şuşa rayonu üzrə investisiyalar 155 milyon 679,9 min manat (artım 2,6 dəfə), Ağdam rayonu üzrə 137 milyon 487,3 min manat (artım 86,4 faiz) təşkil edib.
Şərqi Zəngəzur iqtisadi rayonu üzrə əsas kapitala 1 milyard 61 milyon 581,6 min manat vəsait (Azərbaycan üzrə əsas kapitala yatırılan bütün vəsaitin 31,2 faizi) yönəldilib. Həmin vəsaitlərin 1 milyard 35 milyon 510,5 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Hər iki göstərici ötən ilin yanvar-iyun ayları ilə müqayisədə müvafiq olaraq 59,2 faiz və 55,5 faiz artıb.
Qeyd olunan vəsaitin böyük hissəsi - 351 milyon 521,3 min manat (Şərqi Zəngəzur üzrə əsas kapitala yönəldilən vəsaitin 33,1 faizi) Laçın rayonuna yatırılıb. Bu, ötən ilin müvafiq dövrünün göstəricisindən 3,3 dəfə çoxdur. Kəlbəcər rayonu üzrə vəsait qoyuluşu 345 milyon 239,7 min manat (artım 4,1 dəfə) təşkil edib. Zəngilan rayonunun inkişafına ayrılan investisiyaların həcmi isə ötən ilin birinci yarımilliyi ilə müqayisədə 18,8 faiz azalıb. Belə ki, bu ilin 6 ayı ərzində Zəngilan rayonuna 155 milyon 988,4 min manat məbləğində investisya qoyulub.
2022-ci ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafına ümumilikdə 4 milyard 18 milyon 769,9 min manat (cari məzənnə ilə təxminən 2,4 milyard dollar) investisiya yatırılıb ki, bu da 2021-ci ilin göstəricisindən 1,8 dəfə çoxdur.
Beləliklə, bu ilin birinci yarısında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına invesisiya qoyuluşunun həcminə görə ilk üçlükdə Laçın (351,5 milyon manat), Kəlbəcər (345,2 milyon manat) və Füzuli rayonları (319,4 milyon manat) qərarlaşıb. İnvestisyaların həcminə görə sonrakı yerləri 155,6 milyon manatla Şuşa və 137,4 milyon manatla Ağdam rayonları tutur.
Elxan SALAHOV