Nazirlikdən bildirilib ki, iqtisadiyyat naziri Azərbaycanın İslam İnkişaf Bankı Qrupu ilə münasibətlərin inkişafında maraqlı olduğunu, Bankın ölkəmizdə iqtisadi inkişaf, o cümlədən özəl sektorun fəaliyyətinin genişlənməsi istiqamətində göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb. Qeyd edilib ki, İslam İnkişaf Bankı Qrupunun Azərbaycan iqtisadiyyatının inkişaf prioritetlərini dəstəkləmək üçün Ölkə üzrə Əməkdaşlıq Çərçivəsini hazırlamaq təşəbbüsü də bu baxımdan xüsusi qeyd olunmalıdır. Həmin sənəddə ölkəmizin sosial-iqtisadi inkişafına dair Milli Prioritetlərinə müvafiq olaraq, bərpa olunan enerji, işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması, həmçinin rəqəmsal transformasiya və digər istiqamətlərdə dəstək nəzərdə tutulur.
Valid Məhəmməd Abdelvahab Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, Bankın Azərbaycanın sosial-iqtisadi inkişafına, o cümlədən azad edilmiş ərazilərimizin reinteqrasiyasına töhfə verməyə hazır olduğunu vurğulayıb, tərəfdaşlığın inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb.
Tərəflər ölkəmizin sosial-iqtisadi inkişaf hədəfləri, prioritet sahələr, o cümlədən, azad edilmiş ərazilərimizdə reallaşdırılan layihələr üzrə əməkdaşlığın gücləndirilməsi barədə müzakirə aparıblar. (AZƏRTAC)