05.02.2025, 17:52
AZ EN
18.04.2023, 16:07 172

Politoloq: Ermənistan “Azərbaycanın Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanıyıram” ifadəsini imzası ilə təsdiqləməlidir

XƏBƏRLƏR
  • “Paşinyanın bugünkü bəyanatı ikibaşlıdır. Onun Azərbaycan SSR-nin sərhədlərini tanıyırıq deməsi - hüquqi cəhətdən Qarabağı da qonşu dövlətin ərazisi kimi qəbul etməsi kimi başa düşülməlidir. Lakin məlumdur ki, Ermənistanda tez-tez 1988-ci il keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin qondarma qərarına istinad edilir”.

Bunu Bakı Politoloqlar Klubunun rəhbəri, Azərbaycan-Qazaxıstan Ekspertlər Şurasının üzvü Zaur Məmmədov deyib.

Zaur Məmmədov xatırladıb ki, 20 fevral 1988-ci il tarixində keçmiş DQMV Xalq Deputatları Sovetinin iclasında erməni icmasının nümayəndələri Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə DQMV-nin Azərbaycan SSR-dən ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi haqda tələb ünvanlayıblar: “Bununla əlaqədar olaraq qeyd etmək lazımdır ki, müttəfiq respublikaların sərhədlərinin dəyişdirilmə qaydaları SSRİ və müttəfiq respublikaların konstitusiyalarında təsbit edilmişdi. Belə ki, SSRİ Konstitusiyasının 78-ci maddəsinə əsasən, müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməzdi. Müttəfiq respublikalar arasında sərhədlər müvafiq respublikaların qarşılıqlı razılığı və SSRİ-nin təsdiqi nəticəsində mümkün ola bilərdi. Bu müddəa Ermənistan SSR və Azərbaycan SSR Konstitusiyalarında da əksini tapmışdı. Keçmiş DQMV Xalq Deputatları Sovetinin 20 fevral 1988-ci il tarixli tələbinə cavab olaraq, 15 iyun 1988-ci il tarixində Ermənistan SSR Ali Soveti DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi qərarına razılığını ifadə edən və SSRİ Ali Sovetindən vilayətin Azərbaycan SSR-dən alınaraq Ermənistan SSR-ə birləşdirilməsi məsələsini nəzərdən keçirməyi və təsdiq etməyi xahiş edən qərar qəbul etdi. Azərbaycan SSR Ali Soveti və onun Rəyasət Heyəti isə 13 və 17 iyun 1988-ci il tarixlərində qəbul etdiyi qərarlarda SSRİ Konstitusiyasının 78-ci və Azərbaycan Konstitusiyasının 70-ci maddələrini əsas gətirərək, DQMV-nin Azərbaycan SSR-dən alınaraq Ermənistan SSR-ə birləşdirilməsini qəbuledilməz və qeyri-mümkün elan etdi.

SSR Ali Soveti və Rəyasət Heyətinin 10 yanvar və 3 mart 1990-cı il tarixli qərarlarında da Azərbaycan SSR və Ermənistan SSR arasındakı sərhədlərin və Konstitusiya ilə müəyyən edilmiş milli-ərazi bölgüsünün dəyişdirilməsinin yolverilməz olduğu birmənalı şəkildə bəyan edilib.

İndi bu açıqlaması ilə Nikol vaxtı uzadaraq imitasiya edir, yoxsa daxili reaksiyanı yoxlayır?

O da faktdır ki, regional güclər sülh müqaviləsinin imzalanmasına asanlıqla imkan verməyəcək. Nikolun komandası da məsuliyyəti üzərinə götürmək istəmir. Qalır bircə adam - o da özü. Hələlik Azərbaycan və Ermənistan arasında davam edən danışıqlarda sülh müqaviləsinin dördüncü qaralaması masa üzərindədir. Rəsmi Bakı və İrəvan arasında üst-üstə düşən və düşməyən mövqelər var. Bu sənədin üzərində iş davam etməkdədir. Ən prinsipial məsələ isə təbii ki Qarabağla bağlıdır. Qarabağ ifadəsi sənəddə olmasa da, “Azərbaycanın Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanıyıram” ifadəsi üzərində Ermənistanın imzası olmalı, Ermənistan bunu imzası ilə təsdiqləməlidir”.

Zaur Məmmədovun sözlərinə görə, hər halda, həqiqət ondan ibarətdir ki, Paşinyanın əlinə tarixi şans düşüb: “O, 29 000 kv.km-i qorumalıyıq deməklə həqiqəti deyir. Vaxtilə Ter-Petrosyan da Qarabağla bağlı açıqlama verəndə onu xəyanətdə günahlandırırdılar. 2020-ci ilin sonu Petrosyanın gələcəyi digər ermənilərdən daha yaxşı gördüyünü göstərdi. İndi isə Paşinyan deyir və ona bu gün qulaq asmayanlar sabah peşman olacaqlar”. (APA)

Oxşar xəbərlər