12.09.2025, 13:25
AZ EN
12.09.2025, 10:16 47

Erməni spiker: "Azərbaycan bu məsələdə haqlıdır"

XƏBƏRLƏR
  • "Biz Azərbaycan hökumətinin sülh danışıqları çərçibəsində gələcəkdə hər hansı təhlükənin qarşısını almaq üçün göstərdiyi səylərini və etibarlı sülh naminə irəli sürdüyü tələbləri haqlı hesab edirik".

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan dünənki brifinqdə jurnalistlərlə söhbət zamanı bildirib: "Aydındır ki, Azərbaycan üçün gələcəkdə hər hansı təhlükənin qarşısını almaq, 50 və ya 100 il sonra yeni münaqişənin baş verməsinə imkan verməmək vacibdir. Hər şey ola bilər, ona görə də etibarlı sülh üçün təminat yaratmaq başadüşüləndir".

Ermənistan parlamentinin spikeri kommunikasiyaların mümkün qədər tez açılmasının Ermənistan üçün vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, "Tramp marşrutu"nun (Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçəcək hissəsi belə adlandırılır) tikintisi ilə iki şirkətin məşğul olması gözlənilir. Bu halda şirkətlərdən birinin Ermənistana, digərinin ABŞ-a aid olması mümkündür: "Məsələn, Ermənistan şirkəti enerji infrastrukturunun, digər şirkət isə dəmir yolunun tikintisi ilə məşğul ola bilər. Hər halda bu məsələləri Ermənistan-ABŞ birgə şirkəti həll edəcək".

Alen Simonyan jurnalistlərlə söhbət zamanı sülh sazişinin imzalanmasından sonra Azərbaycanla iqtisadi əməkdaşlığın perspektivlərindən də danışıb. O. qeyd edib ki,  iki ölkə arasında münasibətlərin normallaşması Ermənistan iqtisadiyyatının dirçəlməsinə daha çox müsbət təsir göstərəcək: "Əlaqələr bərpa olunandan sonra bizim mağazalarımızda Azərbaycan malları olacaq. Məsələn, Ermənistan vətəndaşları benzini daha ucuz almaq imkanı qazanacaqlar. Sülh razılaşmasından sonra bu cür imkanlar ermənilər üçün əlçatan olacaq, bu, qaçılmazdır".

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 7-8-də Vaşinqtonda səfərdə olub.
Səfər çərçivəsində Azərbaycan və Ermənistan liderləri ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ağ Evdə birgə bəyannamə imzalayıblar. Bundan əlavə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri üç ölkənin liderlərinin iştirakı ilə "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş"i paraflayıblar.

Elxan SALAHOV

Oxşar xəbərlər