Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, Milli Məclisin sədri Sahibə Qafarova iclasda çıxış edib. O, Ermənistanın hərbi–siyasi təxribatları barədə geniş məlumat verib.
Bir neçə gün əvvəl Ermənistanın sərhəddə itkin düşmüş iki Azərbaycan hərbçisini saxladığını, dərhal sosial şəbəkələrdə onlara münasibətdə fiziki işgəncəni və qeyri-insani rəftarı göstərən videogörüntülərin yayıldığını söyləyən S.Qafarova deyib ki, müvafiq beynəlxalq təşkilatlar sözügedən zorakılığı araşdırmalı və ona lazımi qiymət verməlidirlər.
Parlamentin sədri mina probleminə də toxunub. Diqqətə çatdırılıb ki, 300-ə yaxın Azərbaycan vətəndaşı minaya düşərək həlak olub və ya ağır yaralanıb. Eyni zamanda, minalar bərpa və yenidənqurma işlərinə maneə yaradır.
Ermənistan-Azərbaycan normallaşma prosesindən də danışan Sahibə Qafarova bildirib ki, Azərbaycanın beynəlxalq hüququn 5 əsas baza prinsipi əsasında sülh təklif etsə də, proses istənilən kimi getmir. Ermənistan 10 minə yaxın hərbçisini Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən hələ də tam çıxarmayıb. Həmçinin Ermənistan Laçın yolundan minaların daşınması, Azərbaycanın qanunsuz istismar edilmiş faydalı qazıntılarının Ermənistana daşınması üçün istifadə edir.
Parlament sədri Laçın-Xankəndi yolunda keçirilən aksiyadan da bəhs edib, aksiya başlayandan indiyədək sülhməramlıların və Beynəlxalq Qırmızı Xaç Komitəsinin 6 mindən çox nəqliyyat vasitəsinin aksiya ərazisindən maneəsiz hərəkət etdiyini deyib.
Eyni zamanda, bildirilib ki, Ermənistan üçtərəfli Bəyanata uyğun olaraq Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəliklərini hələ də yerinə yetirmir.
Milli Məclisin sədri çıxışında Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri haqqında da danışıb. O, həmçinin Azərbaycanın 9 şəhərinin və yüzlərlə kəndinin işğal dövründə yer üzündən silindiyini diqqətə çatdırıb. Habelə keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları üçün qəbul edilən “Böyük Qayıdış” Proqramının uğurla icra edildiyi diqqətə çatdırılıb.
“Artıq Azərbaycanın Qarabağ iqtisadi rayonunun erməni sakinləri ilə dialoq qurmaq üçün addımlar atılır. Martın əvvəlində Xocalıda onlarla bu məsələlərə cavabdeh olan şəxs arasında görüş keçirilib. Bu dialoq davam edəcək. Azərbaycan Qarabağda yaşayan erməni vətəndaşlarını cəmiyyətə yenidən inteqrasiya etməkdə qərarlıdır. Bu, sırf Azərbaycanın daxili işidir”, - deyə Sahibə Qafarova diqqətə çatdırıb.
Milli Məclisin sədri çıxışında MDB PA-nın fəaliyyətinə də toxunub. Bildirilib ki, MDB PA birlik ölkələri arasında əməkdaşlığın effektiv mexanizmi kimi ötən dövr ərzində böyük inkişaf yolu keçərək mühüm parlamentlərarası instituta çevrilib.("AZERTAC")