22.11.2024, 03:10
AZ EN
13.04.2023, 11:44 199

Mahir Abbaszadə: “Döyüş bölgəsi tamamilə Azərbaycan ordusunun nəzarəti altındadır”

XƏBƏRLƏR

“Avropa İttifaqının guya adı mülki, amma əlində silahlı şəxslərin artıq Ermənistanda olması, bir daha göstərir ki, bu hardasa Ermənistan hakimiyyətini bir az cəsarətləndiribdi”. Bunu Milli Məclisin deputatı Mahir Abbaszadə Laçında baş verən son təxribata münasibət bildirərkən “Real”TV-yə müsahibəsində səsləndirib.

Deputat bildirib ki, biz İkinci Qarabağ müharibəsində həm Ermənistanın indiki hakimiyyətini, həm ordusunu tamamilə darmadağın etmiş bir vəziyyətdəyik. Amma görünür ki, Avropa İttifaqının nümayəndə heyətinin və  onun silahlı dəstələrinin, açıq demək lazımdır ki, onların jandarm qüvvələrinin Ermənistanda olması, Ermənistan hakimiyyətini bir az da ürəkləndiribdi: “Çünki əgər son vaxtlar hərbi ritorikalara, baş verən hadisələrə və Ermənistanın baş naziri Nikol Paşinyanın  bəzi bəyanatlarına baxsaq, görərik ki, sanki bunlar 44 günlük Vətən müharibəsində məğlub olub, məğlubiyyətdən çıxmış, Azərbaycana yalvarmış, öz himayədarlarına yalvarmış dövlət başçısı və yaxud onun dövləti deyil. Avropa İttifaqının həmin nümayəndələrinin məhz Ermənistanda olması, yəni, burada əlisilahlı insanların olması, onların bəzən Ermənistan-Azərbaycan sərhədinə qədər gəlməsi isə təbii ki, onu göstərir ki, Ermənistan tərəfini bunlar yenidən ürəkləndiriblər və ona görə də ermənilər Azərbaycan Ordusuna qarşı belə təxribat xarakterli addımlardan geri çəkilmirlər”.

M.Abbaszadə daha sonra qeyd edib ki, digər bir məsələ isə ondan ibarətdir ki, bir həftə bundan öncə biz bu postları ermənilərdən tamamilə təmizləmişdik və postlarda möhkəmlənmişdik və təbii ki, bu postların da ələ keçirilməsi Qarabağdan Ermənistana gedən yolun tamamilə Azərbaycan ordusu tərəfindən nəzarətə götürməsini özündə əks etdirirdi: ”Yəni, bir tərəfdən yolun nəzarətə keçirilməsi, təbii ki, ermənilərin əl-qolunu bağlayır, həm də əvvəlki kimi Qarabağa silah-sursat daşınmasına, hərbi zirehli maşınların daşınmasına, Qarabağda erməni silahlı qüvvələrinin sayının artırılmasında  maneçilik törədir. Çünki həmin strateji yüksəkliklərin Azərbaycan ordusunun nəzarətində olması, yola da Azərbaycan  ordusunun nəzarət etməsinə gətirib çıxardı. Belə olan təqdirdə, Ermənistan da  regionda və bölgədə, xüsusilə  Laçınla olan sərhəddə təxribatçı əməllərindən  geri çəkilmək istəmədi və bu günlərdə də Azərbaycan postuna Ermənistan tərəfindən hücum nəticəsində 3 nəfər şəhidimiz oldu. Amma onu da bildirmək istəyirəım ki, Azərbaycan ordusu Azərbaycan sərhədlərini kifayət qədər ciddi şəkildə qorumaqdadır. Belə deyək, döyüş bölgəsi tamamilə Azərbaycan ordusunun nəzarəti altındadır.  Ermənistan tərəfindən isə kifayət qədər itkilər var. Amma bütün bunlar, təbii ki, Ermənistan tərəfdən bizim ordumuza qarşı törədilən bu təxribatların da layiqli cavabı verilib və bundan sonra da veriləcəkdir”, - deyə deputat vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR