22.11.2024, 18:00
AZ EN
12.04.2023, 12:47 366

Ceyhun Məmmədov: "Bütün qruplar eyni mənbədən qidalanır və təlimatı eyni yerlərdən alırlar"

XƏBƏRLƏR
  • "Son günlər Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən İranla əlaqədə şübhəli bilinən şəxslərin həbsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir". Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov özünün "Facebook" hesabında ifadə edib.

Millət vəkili bildirib ki, son proseslərdə dövlətin və dövlətçiliyin yanında ola bilməyən həm daxildə, həm də xaricdə fəaliyyət göstərən destruktiv qruplar geniş təbliğata başlayıblar ki, Azərbaycanda guya dindarların kütləvi həbsi həyata keçirilir. Hətta bir sıra hallarda ciddi şişirdilmiş rəqəmlər də səsləndirirlər: "Əlbəttə, burada əsas məqsəd dindar kontingentin rəğbətini qazanmaq və özlərini onların müdafiəçisi kimi təqdim etməkdir. Bu həm də onu göstərir ki, bütün bu qruplar eyni mənbədən qidalanır və təlimatı eyni yerlərdən alırlar.   

Çox böyük ehtimalla ölkəmizlə bağlı beynəlxalq təşkilatların hazırladıqları növbəti hesabatlarda da bu məsələ ilə bağlı tənqidi fikirlər yer alacaq. Burada da əsas məqsəd Azərbaycana təzyiqi artırmaq olacaq".

C.Məmmədovun sözlərinə görə, heç şübhəsiz ki, bu addımlar Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən sırf təhlükəsizlik məqsədilə atılır və dünyanın müxtəlif bölgələrində ayrı-ayrı ölkələr zaman-zaman belə tədbirləri təhlükəsizlik məqsədilə həyata keçirirlər: "Həbs olunan şəxslərin sayı, həbs olunma səbəbi və cinayətləri barədə növbəti mərhələdə ictimaiyyətə geniş və ətraflı məlumatın veriləcəyinə heç kimin şübhəsi olmasın", - deyə millət vəkili vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər