Gürcü politoloq, tarixçi alim Quram Marxuliya deyib ki, 44 günlük müharibə zamanı erməni hərbçiləri aldıqları zərbədən ciddi psixoloji sarsıntı keçiriblər və bu sarsıntı onların tarixlərində ən çox rast gəlinən hadisələrdən biridir.
Onun sözlərinə görə, bir vaxtlar Rusiyanın dəstəyindən ruhlanaraq özlərini Qafqazın “ariləri” adlandıran ermənilər Azərbaycan torpaqlarını işğal etdilər. Lakin, zaman keçdikcə geosiyasi vəziyyət dəyişdi və Azərbaycan öz qanuni ərazilərini geri qaytardı. Ermənistan tərəfi isə müvafiq olaraq heç nəsiz qaldı. Öz ölkəsinin başqalarından üstün olması ideologiyası sabun köpüyü kimi partladı.
Politoloq deyir ki, 44 günlük müharibədə ciddi məğlubiyyətdən sonra elə təsəvvür yaranmışdı ki, erməni xalqının liderlərinin ağlı başına gəlib və nəhayət onlar, öz qonşuları ilə sülh münasibətləri quracaqlar. Lakin bu gün baş verənlər bir daha göstərir ki, erməni anlayışının öz fəlsəfi və antropoloji ölçüsü var və görünür, bu, onların prioritetidir.
Politoloq hesab edir ki, bu gün Fransa geosiyasi hiyləgərliklə Cənubi Qafqazı almağa çalışır. Yalançı səlibçilər, “xristian dünyası”nın çempionları Ermənistanı yalandan dəstəkləyirlər. Əslində onlar Ermənistanı qızışdırmaqla regionda yenidən ciddi münaqişə ocağı yaratmağa çalışırlar. Ermənistan isə geosiyasi minalı ərazidir. Onun partlayışının nəticələrinin necə olacağını proqnozlaşdırmaq isə elə də çətin deyil. Bu partlayış sonunda Ermənistanın tamamilə yox olmasına səbəb olacaq.
Azərbaycan düşmənə layiqli cavab verməyə qadirdir və bunu da edir. Lakin bununla belə, möhtəşəm gücə sahib olan Azərbaycan yenə də sülh siyasətinə sadiq qalaraq erməni tərəfini bütün mövcud məsələləri sülh yolu ilə həll etməyə çağırır.
“Erməni xalqı başa düşməlidir ki, Azərbaycanın təklif etdiyi sülh variantı yeganə çıxış yoludur. Onlar nə qədər bunu tez başa düşsələr, bir o qədərə də onlar üçün yaxşı olar” – deyə, Marxuliya vurğulayıb. (AZƏRTAC)