Bildiyimiz kimi, bu yaxınlarda İsraildə Azərbaycan səfirliyi açılıb. İsrailin Bakıdakı səfiri Corc Dik bu hadisənin Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin inkişafında mühüm rolu oynayacağı barədə AZ TV-yə müsahibəsində bildirib: “Mən İsraildən yenicə qayıtmışdım. Səfirliyin açılışı emosianal və tarixi hadisə oldu. Xalqlarımız arasında elə sıx və dərin münasibətlər yaratmışıq ki, ən yüksək səviyyədə təmsilçiliyə malik olmağımız İsrail və Azərbaycan arasındakı münasibətlərin təkamülünü göstərir. Azərbaycan müstəqillik əldə etməzdən öncə xalqlarımız arasında tarixi münasibətlər var idi. Sonra bu hökumətlərimiz arasında sıx strateji əlaqələrə çevrildi. Bu gün də xalqlarımız arasında cəmiyyət səviyyəsində sıx dostluq qurulub. Səfirlyin açılmasının əsas əhəmiyyəti də budur. Çünki bu amil münasibətləri yalnız hökumət səviyyəsində yox, həm də xalq səviyyəsinə qaldırır. Bunun təsirini istər incəsənətdə, istər mədəniyyətdə, istər idmanda, istərsə də əməkdaşlığımızın hər bir formasında görə bilərik və səmimi qəlbdən bildiririk ki, səfirlik əməkdaşlığımızın genişlənməsində öz müsbət rolunu oynayacaq”.
Corc Dik səfirliyin açılmasının Azərbaycan və İsrail arasında iqtisadi ticari əlaqələrə böyük təsir edəcəyini vurğulayaraq deyib: “Düşünürəm ki, münasibətlərdə növbəti addım ölkələrimiz arasında ikitərəfli və iqtisadi əlaqələrin genişlənməsidir. İndi ölkələrimizin ticarət dövriyyəsi olduqca yüksəkdir. Ancaq bu göstəricilər daha çox neft və qaz ixracına əsaslanır. Ona görə də ticarəti şaxələndirmək istəyirik. Keçən il Azərbaycana 50 min israilli turist gəlmişdisə, növbəti illərdə həmin rəqəm 200 mini keçə bilər. Bundan əlavə, tezliklə xarici işlər nazirimiz də hökumətlərarası birgə komissiyada iştirak etmək üçün Azərbaycana səfər edəcək. Biz iqtisadi münasibətlərimizin bir neçə yöndə, kənd təsərrüfatı, su təhcizatı, kiber təhlükəsizlik, innovasiya sahələrində genişləndirilməsi üçün böyük potensial görürük. Təhsil, səhiyyə, digər bu kimi vacib sahələri kənara çəkmədən bu beş sahəyə diqqət yetirə bilsək, ölkələrimizin həm israillilərin, həm də azərbaycanlıların xeyrinə əməkdaşlıqlarını genişləndirmələri üçün irəliyə doğru bir yol xəritəsini hazırlaya bilərik”. Səfir daha sonra əlavə edib ki, deyə bilərəm ki, nəticələri artıq görürük: “Ötən il Azərbaycan İsraildə ticarət nümayəndəliyini açanda iqtisadiyyat nazirliyi və Azərbaycanın investisiya şirkəti startabları Azərbaycana cəlb etmək üçün İsrailin startablara dəstək fonduna 15 milyon dollar sərmayə yatırıb. Milli Su Şirkətimiz Mekaratun bura gəlib su sənayesi üçün yol xəritəsi hazırlamağına dair müqavilələr var. Kənd təsərrüfatı, logistika, dərin suvarma və s. sahələrdə bir neçə razılaşmamız var. Düşünürəm ki, 2023-cü il sıçrayış ili olacaq. Bu ölkələrimiz arasında keçən ilə nisbətən ən azı iki dəfə ticarət dövriyyəsini artıracağımız il olacaq”.
Corc Dik İsrail və Azərbaycanın beynəlxalq platformalarda daha keyfiyyətli koordinasiyalı təmasların qurulmasındakı yeniliklərdən də söz açıb: “Düşünürəm ki,bu gün böyük fərq İsraildə səfirliyinizin və səfirinizin olmasıdır. Səfirliyiniz olduqda tarixinizi danışa bilən və mədəniyyətinizi, yeməkdən tutmuş, milli təhlükəsizlik siyasətinə qədər hər şeyi İsrail xalqı ilə bölüşən bir birliyiniz var: “ Səfir ehtimal ki, dünyanın ən yaxşı diasporlarından biri iıə, İsraildə mənşəyinə görə azərbaycanlı olan 70 min insanla ünsiyyət quracaq. Diaspor-səfirliyiniz olmayana qədər biz 30 il ərzində mədəniyyətlərimiz arasında körpü rolunu oynadıq və bu birləşmiş qüvvələr münasibətlərimizi genişləndirməyə və inkişaf etdirməyə kömək edəcək. Biz həmçinin son beş il ərzində ərəb-müsəlman dünyası ilə Birləşmiş Ərəb Əmirliklərindən Bəhreynə, Mərakeşə, Sudana və digər ölkələrə qədər geniş əlaqə şəbəkəsi yaratmışıq. Çox şadıq ki, son vaxtlar Türkiyə ilə münasibətlərimiz düzgün məcraya qayıdır və biz çox yaxşı əlaqələr qururuq. Türkiyə ilə aramızdakı etimadı yenidən bərpa edəcəyik. Düşünürəm ki, bu İsrail üçün də vacibdir. Çünki hamımız eyni regional problemlərlə qarşılaşırıq”,-deyə səfir vurğulayıb.
Tahirə AĞAMİRZƏ