10.10.2024, 15:41
AZ EN
25.03.2023, 18:56 184

Ermənistan Azərbaycanla arasındakı problemə daha çox tərəf cəlb etmək niyyətindədir - Türk general

XƏBƏRLƏR
  • Vətən müharibəsindən sonra Ermənistanın kapitulyasiya aktını imzalamasından 29 ay keçib. Bu aylar ərzində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sülh çağırışlarını Ermənistan hakimiyyəti qarşılıqsız buraxdı, əksinə, sülhə xələl gətirəcək davranışlara yol verdi, təxribatlara əl atdı. Sülh çağırışına cavab verilməməsinin əsas məqsədi vaxt uzatmaqdır. İkinci məqsəd isə Ermənistanın Azərbaycanla problemə daha çox tərəf cəlb etməklə onu çoxtərəfli hala gətirməkdir. Yəni, məqsəd odur ki, bu problem iki ölkə arasında həllini tapmasın. Onlar bölgədə marağı olan müxtəlif ölkələri, qurumları, xüsusilə Fransanı, ABŞ-ni, İranı, həmçinin Avropa İttifaqını məsələyə cəlb edərək onu həllolunmaz səviyyəyə çatdırmaq istəyirlər. Yaxud da xülyalarına uyğun, köhnə statusa bənzər bir nəticəyə nail olmağa çalışırlar. Bunu etmələri üçün onların kiçik bir arqumentə ehtiyacı var. Odur ki, Ermənistan məğlub dövlət olaraq bəhanələr uydurur, bununla Azərbaycanı günahlandırmağa çalışır, təslimçilik aktına imza ataraq verdiyi sözlərdən yayınır, qanunsuz silahlı birləşmələri, diversantları və terrorçuları təmizləmək əvəzinə, onları və hərbi texnikaları Xankəndidə saxlamağa çalışır. Həmçinin Ermənistan hər cür vasitə və təhrik üsulları ilə Azərbaycanı beynəlxalq ictimaiyyət qarşısında günahkar kimi göstərməyə və özünün imtiyazları ilə yaşamağa davam etməyə cəhd edir. Dünyada bir dövlətin başqa bir dövlətin torpağının 20 faizini 28 il işğalda saxlaması və beynəlxalq ictimaiyyətin kar, kor və lal kimi buna reaksiya verməməsi ikili standartlar və ayrı-seçkilikdən başqa bir şey deyil. Dünya ölkələri ermənilərin əməllərinə susduqca onların təxribatları davam edir. Ermənistan hakimiyyəti və revanşist qüvvələr sərhəddə, hazırda Azərbaycan torpaqları olan ərazilərdə yaşayan erməniləri qıcıqlandırır, onların Azərbaycana inteqrasiyasının qarşısını alır, Rusiya sülhməramlılarının köməyi ilə Xankəndiyə silah-sursat göndərir və bununla da öz çirkin planları üçün zaman qazanırlar. Bir sözlə, ermənilər təxribatlarını durmadan davam etdirirlər.

Bu fikirləri açıqlamasında ehtiyatda olan türk general Yücel Karauz söyləyib.

Generalın sözlərinə görə, burada ikinci önəmli məqam Ermənistanın hərbi hazırlıqlarınıın xoşniyyətli olmamasıdır. Yəni, həmin hazırlıqlar müdafiə və ölkə ərazisini qorumaqdan daha çox revanşizmə hesablanıb. Vətən müharibəsindən sonra məğlubiyyəti həzm edə bilməyən qüvvələr reallıqla, Azərbaycanın vəziyyətə diktə etməsi ilə barışa bilmirlər. Bu, bölgədə sabitliyi pozmağa yönələn, beynəlxalq hüquqa zidd olan, sülhə hesablanmayan bir davranışdır.

İranın Azərbaycana qarşı riyakar və anlaşılmaz münasibətinə də toxunan Y.Karauz deyib: "İran 1813-cü ildə imzalanan Gülüstan, 1828-ci ildə imzalanan Türkmənçay müqavilələri zamanı və ondan sonra strateji üstünlüyünü ermənilər və Ermənistan üçün istifadə edib. İran ermənipərəst mövqeyini 1988-ci ildən etibarən bölgə qan gölünə dönərkən də, Vətən müharibəsindən əvvəl, müharibə zamanı və sonrakı mərhələlərdə açıq-aşkar bəlli edib və etməkdədir. Azərbaycan-İran sərhədinin təxminən 130-140 kilometrliyi 28 il işğal altında qalanda, Qarabağda Azərbaycan mədəniyyəti məhv ediləndə, məscidlərdən donuz axuru kimi istifadə olunanda səsini çıxarmayan İran Vətən müharibəsində Ermənistanın məğlub olaraq təslimçilik aktı imzalamağa məcbur olmasına, Laçın yolunun Azərbaycanın nəzarətinə keçməsinə görə narahatlıq keçirdi”.

“Zəngilan Beynəlxalq Hava Limanı açılan kimi İran Zəngəzurda konsulluq açdı, Azərbaycanla sərhəddə hərbi təlimlərə başladı. İran SEPAH-ın yaydığı videolarla Azərbaycanın ərazi bütövlüyünü təhdid edəcək davranış sərgiləyir. Zəngəzur dəhlizinin bu şəkildə ön plana gətirilməsi İranın o bölgəyə silah, narkotik və digər vasitələrin daşınması üçün istifadəsi ilə əlaqədardır. İranın addımları dostyana deyil və Azərbaycana göstərdiyi davranış, Naxçıvanla sərhədə hərbi qüvvə toplaması da sülhə xidmət etmir. Bütün bunların Ermənistanın və İranın bərabər düşündüyünü, koordinasiya etdiyini, Azərbaycana və Türkiyəyə qarşı həyata keçirildiyini söyləmək mümkündür”, - deyə Y.Karauz vurğulayıb.

O, həmçinin diqqətə çatdırıb ki, SEPAH tərəfindən yayımlanan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Paradında söylədiyi "Arazı ayırdılar" bayatısının da yer aldığı videoçarxdan təkcə Azərbaycanın deyil, Türkiyənin də təhdid edildiyini anlamaq olar. Məlumdur ki, Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətləri tarixin ən yüksək nöqtəsinə çatıb. Bəyannaməyə görə, Azərbaycan torpağının bir santimetrinə belə ediləcək təhdid və revanşist hərəkətlər Türkiyəyə də qarşı hesab olunur. Heç kim Türkiyədəki zəlzələni, seçkiləri ortaya ataraq yanlış addımlar atmamalıdır. Bu cür addım atanlar əməllərinin nə ilə nəticələnəcəyini görəcəklər. “Nə Türkiyə, nə də Azərbaycan əvvəlki ölkələr deyil. Hər kəs iyirmi doqquz ay əvvəl şanlı Qələbə ilə bitən müharibənin nəticələrini dərk etməli, Azərbaycanın ərazi bütövlüyünə hörmət bəsləməli, Azərbaycan-Türkiyə birliyinin nəyə qadir olduğunu düşünməli və buna uyğun davranmalıdır”, - deyə türk general fikirlərini yekunlaşdırıb.("AZERTAC")

Oxşar xəbərlər