"Ermənistan və Azərbaycan arasında delimitasiya komissiyaları sərhəd xəttinin birbaşa Bağanıs - Bağanıs Ayrım, Voskepar - Aşağı Əskipara, Kirants - Xeyrimli və Berkaber - Qızıl Hacılı yaşayış məntəqələri arasında olan hissələrini 1976-cı il SSRİ Silahlı Qüvvələri Baş Qərargahının hüquqi əsası olan topoqrafik xəritəsi əsasında müəyyəndirib. Əvvəlcədən razılaşdırılmış koordinatları dəqiqləşdirmək üçün sərhəd sütunları quraşdırılıb. Bu koordinatlar 1976-cı il xəritələrindən götürülmüşdür. Kartoqraflar yenə eyni xəritələrə əsaslanaraq, bu sütunlar arasındakı sərhəd-keçid xətlərini razılaşdırdılar. Yəni, bu ərazilərdə sərhəd xəttinin bərpası başa çatdırılıb, razılaşdırılıb, imzalanıb və həmin ərazilərdə sərhəd delimitasiya edilmiş sayılır".
"Vətən səsi" xəbər verir ki, Ermənistan Baş naziri Aparatının Azərbaycanın Qazax rayonunun 4 kəndi ilə bağlı sərhəd razılaşması ilə bağlı yaydığı şərhdə belə deyilir. Şərhdə sərhəd razılaşmalarının nə üçün 1976-cı il xəritələrinə əsaslandığına da aydınlıq gətirilib. Bildirilir ki, həmin xəritə SSRİ-nin dağıldığı dövrdə de-yure hüquqi əsası olan mənbədir: "İrəvanın prinsipial yanaşması var idi ki, Ermənistanla Azərbaycan arasında yeni sərhəd yaradılmasın, SSRİ-nin dağılması zamanı de-yure mövcud olan sərhəd bərpa edilsin. 1979-cu ildə SSRİ-nin kartoqrafiya və geodeziya sahəsində səlahiyyətli orqanı xəritənin düzgünlüyünü və hüquqi əsaslarını yoxlayıb. Bu xəritələr Sovet İttifaqı dağılana qədər istifadə olunub. Yəni, bunlar SSRİ-nin səlahiyyətli dövlət orqanları tərəfindən təsdiqlənmiş son xəritələrdir.
Ermənistan Baş naziri Aparatı Tavuş rayonunun Kirants kəndində bütün sərhəd dirəkləri quraşdırılmamasını bu cür şərh edib: "Kirants ərazisində üç koordinat kompüter vasitəsilə müəyyən edilib, sütunlar daha sonra quraşdırılacaq. Qalan sütunlar quraşdırılıb. Kirants üçün sevindirici xəbər odur ki, son 33 ildə Kirants üçün əlçatmaz olan təxminən 25 hektar kənd təsərrüfatı sahəsi kəndə qaytarılacaq. Sərhədin təsviri tam olaraq 1976-cı il xəritəsində göstərildiyi kimidir. Lakin yolun köçürülməsi ilə bağlı problem yaranacaq, bunu 2-3 aya etmək olar. Həmin avtomobil yolundan Açarkut və daha sonra Kirants üçün alternativ olan Kirantsa gedən yol da təmir olunacaq. Mülkiyyət məsələlərinə gəlincə, onların həcmi böyük olmayacaq və vətəndaşlara dəymiş ziyanı dövlət onların istəyi ilə əmlak və ya maliyyə vəsaiti şəklində ödəyəcək. Hökumət nümayəndələri səhər saatlarında mümkün problemlərin inventarlaşdırılmasına başlayacaq və Kirants sakinləri ilə müzakirələrə başlayacaqlar".
Şərhdə o da bildirilir ki, Voskepardakı kilsə və Voskepar-Bağanıs yolu Ermənistanın ərazisində qalması, sərhəd xətti həm yoldan, həm də kilsədən uzaqda yerləşməsi razılaşdırılıb. Həmçinin yaxın 8-9 gün ərzində hər iki tərəfin sərhədçilərinin razılaşdırılmış sərhəddə yerləşdirilməsi qərara alınıb. Lakin ən həssas yer olan Kirantsda sərhədçilərin yerləşməsi bir qədər ləngiyəcək: "Çünki orada bəzi detallar əlavə dəqiqləşdirməyə ehtiyac duyur".
Xatırladaq ki, dünən Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib. Görüşdə Bağanıs Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar (ER), Xeyrimli (AR) – Kirants (ER) və Qızılhacılı (AR) - Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsviri razılaşdırılıb və müvafiq protokol imzalanıb.
Elxan SALAHOV