27.12.2024, 05:35
AZ EN
19.03.2023, 12:24 234

Xankəndində xof, qorxu və ümidsizlik: separatçıların son ümidləri tükənir

XƏBƏRLƏR
  • Azərbaycanın Qarabağ iqtisadi zonasının şimalında, hazırda Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti operativ nəzarətində olan ermənilər artıq nə Ermənistana, nə Rusiyaya, nə də Qərbə güvənmirlər. Onlar artıq heç özlərinin separatçı perspektivlərinə də inanmırlar.

Əvvəlki illərdən fərqli olaraq, "qarabağlı ermənilər" adlanan, Azərbaycan ərazisində məskunlaşmış toplum artıq son ümidlərini də itirməkdədir.

Onların sadəcə, 18,6 faizi gələcəklərini Ermənistana birləşmiş halda görürlər. Yəni hər 5 qarabağlı ermənidən sadəcə, bir nəfəri Ermənistan vətəndaşı olacağına ümid edir.

Ermənistandakı "Highgate Consultancy" sosioloji şirkətinin apardığı sorğunun nəticələri belədir.

Sorğu 2002-ci ilin dekabrında və bu ilin yanvarında, rusiyalı sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdəki ermənilər arasında iki mərhələdə keçirilib.

Rəyi soruşulanların 20,9 faizi gələcəklərini Rusiya Federasiyasına birləşmiş halda görürlər.

"Müstəqillik" ümidi ilə yaşayanların sayı isə respondentlər arasında 58,8 faiz təşkil edib.

Erməni analitiklərin dediklərinə görə, sorğunun nəticələri Ermənistan və qarabağlı ermənilər üçün çox bədbin perspektivlərin yaşanacağına dəlalət edən nüanslar sayıla bilər.

Belə ki, "Əgər müstəqillik əldə edə bilməsəniz, çıxış yolunu nədə görürsünüz?" sualına respondentlərin 43,2 faizi "Ermənistana birləşməkdə", 50,4 faizi isə "Rusiya Federasiyasının tərkibində" cavabını veriblər.

Rəyi soruşulanların 6,4 faizi isə "başqa yollar aramalıyıq" deyiblər.

Rusiya Sülhməramlı Kontingentinə (RSK) münasibətə gəldikdə isə, qarabağlı ermənilərin 89,9 faizi təhlükəsizliklərinin rusiyalı sülhməramlılar tərəfindən təmin olunduğunu hesab edir. 23,7 faizin fikrincə, qarabağlı ermənilər mütləq şəkildə Qərbin dəstəyinə nail olmalıdır. Sorğuya qatılanların 89,9 faizi isə əmindir ki, onlar özləri nə isə etməsələr, kimsə ermənilərə yardım edən deyil.

Sorğunun İrəvandakı hakimiyyətin birbaşa siyasi sifariş olduğunu müəyyənləşdirmək Nyuton binomunu çözmək deyil: baş nazir Nikol Paşinyan iqtidarı qarabağlı erməniləri xarici siyasətində maneə, daxili siyasətində isə əlavə və gərəksiz yük hesab edir.

Rəsmi İrəvan nəzarətində olan media, sosial şəbəkə profilləri, siyasətçilər və ictimai xadimlər vasitəsilə qarabağlı ermənilərə, Ermənistan vətəndaşlarına və xüsusilə də xarici ölkələrdəki erməni diasporuna çatdırmaq istəyir ki, "Qarabağ problemi" artıq yoxdur.

İrəvan əmindir ki, qarabağlı ermənilərin "müstəqillik və suverenlik" tələbləri əvvəllər beynəlxalq hüquqa zidd absurd idisə, indisə artıq tragikomediya təsiri bağışlayır.

Xankəndindəki separatçı rejim də artıq "status"la bağlı iddiaların perspektivsiz olduğunu dərk etməyə başlayıb.

Belə ki, əgər qarabağlı ermənilərin separatizmə başladıqları ilkin dövrlərdə Ermənisana birləşmək ("Miasum") idefiksini həmin şəxslərin istisnasız olaraq hamısı dəstəkləyirdisə, 1994-cü ildən etibarən belə ermənilərin sayı azaldı və təqribən 50 faizə endi.

Əvəzində illüzor "müstəqillik və suverenlik" tərəfdarlarının sayı dəfələrlə artdı.

İkinci Qarabağ Müharibəsi ərəfəsində qarabağlı ermənilərin total çoxluğu sadəcə, əmin idilər ki, onlar "müstəqil və suveren"dir: dünya birliyinin "laqeyd"liyinə gəldikdə isə, ermənilər hesab edirdilər ki, status-kvo vəziyyəti nə qədər çox davam edərsə, onların "Azərbaycandan ayrılma şansları" bir o qədər artır.

Münaqişənin dinc danışıqlar vasitəsilə ilə nizamlanması üçün yaradılmış ATƏT-in Minsk Qrupu da faktiki olaraq erməniləri dəstəkləyir, öz fəaliyyətsizliyi və "gərgin iş" görüntüsü ilə separatizmin dayaqlarını möhkəmləndirirdi.

Lakin müharibə başlandı, 44 gün ərzində bitdi və Azərbaycan Ermənistanı tam kapitulyasiyaya vadar etdi.

2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya Federasiyası və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanat isə qarabağlı ermənilərin "suverenlik" arzularını puç etdi.

İndi qarabağlı ermənilər rusiyalı sülhməramlıların müvəqqəti nəzarətindəki areallarda yaşayırlar.

Onlar nəyəsə və kimlərəsə ümid edir, problemlərinin həllində ilk əvvəl Rusiyaya, sonra da kollektiv Qərbə, daha konkret olsaq, ABŞ və Fransaya bel bağlayırlar.

Lakin reallıq budur ki, ABŞ və Rusiya bölgədə genişmiqyaslı sülhün və dayanıqlı stabilliyin bərqərar olmasında maraqlıdır. Vaşinqtonla Moskvanın regionla bağlı siyasi, iqtisadi, hərbi, geosiyasi və s. mənafelər məcmusunda qarabağlı ermənilərin bundan sonra da hansısa siyasi müqavimət konteksti yoxdur.

Tam əksinə, iki güc problemin mümkün qədər sürətli və dayanıqlı həllində maraqlıdır.

Fransaya gəldikdə isə, bu ölkənin dövlət başçısı Emmanuel Makronun Cənubi Qafqazda ciddi təsir rıçaqlarına yiyələnmək, sülhməramlı və sülhyaradıcı elementlərə malik olmaq, ən nəhayət "vasitəçi" roluna sahiblənmək istəkləri uğursuzluğa düçar olmuş primitiv diplomatik gedişlərdən savayı heç nə deyil.

Xankəndindəki separatçı rejimin yerli auditoriya üçün hesablanmış "Rusiyaya birləşmək perpsektiv"ləri barədə bəyanatları isə ümumiyyətlə, şərh olunmağa belə, dəyməz. Rəsmi Moskva heç bir halda separatçıların arzularının reallaşdırmaq fikrinə düşərək onsuz da çox ağırlaşan beynəlxalq təzyiqləri dəvələrlə artıraraq yeni geosiyasi böhranın yaranmasına imkan verməyəcək.

Qarabağlı ermənilərin seçim imkanları tükənib və onların önündə iki yol var.

İlk yol Azərbaycan vətəndaşları kimi ölkəmizin daxili həyatına inteqrasiya, hüquqlarının və haqlarının Konstitusiya ilə mövcud qanunvericilik çərçivəsində tənzimlənməsi ilə bağlı danışıqlardır.

İkinci yol isə İrəvana doğru aparır.

Birləşməyə yox - Xankəndindən Gorusa hərəkət edəcək yük maşınlarının kuzovunda duraraq, bir əllə unitazı, digər əllə isə yıxılmamaq üçün yük yerinin taxtasını tutaraq durmağa. (Trend)

Oxşar xəbərlər