30.10.2024, 13:19
AZ EN
16.03.2023, 18:10 88

Avropa Parlamentinin Azərbaycana qarşı qətnamə hazırlaması onun işğalçıya dəstək verməsinə hesablanıb

XƏBƏRLƏR
  • Avropa Parlamentinin (AP) yaxın müddətdə Azərbaycana qarşı yeni qərəzli və ziddiyyətli qətnamə hazırlaması bir daha bu təşkilatın demokratiya və reallıqdan uzaq olmasını göstərir. Həmçinin təşkilatın bölgədə gedən siyasi proseslərdə işğalçıya dəstək verməsinə hesablanıb.

Maraqlı olan hal budur ki, Avropa məkanının bir sıra iqtisadi və təhlükəsizlik yönümlü təşkilat və institutları Azərbaycanla enerji təminatı sahəsinə əməkdaşlıq etdiyi halda, Avropa İttifaqı Brüssel sülh gündəliyi çərçivəsində ölkəmizin mövqeyini dəstəklədiyi bir zamanda, bunun əksinə olaraq AP tərəfindən belə qərəzli mövqe nümayiş etdirilir.

Bu fikirləri politoloq Amid Əliyev söyləyib.

O qeyd edib ki, müstəqillik tariximizdə bir neçə dəfə belə qətnamələrin qəbul olunmasının şahidi olmuşuq. Bu, bir daha onu sübut edir ki, AP siyasi və iqtisadi reallıqları qəsdən nəzərə almayaraq belə qətnamələr qəbul edir.

Hazırda bölgədə Azərbaycan tərəfindən sülh gündəliyi üzrə əməli tədbirlər həyata keçirildiyi bir zamanda belə qətnamələrin Azərbaycana qarşı heç bir siyasi, iqtisadi və ya digər fonlu təsir gücü olmayacaq. Ermənistanın bir siyasi oyuncağına çevrilən, erməni lobbisinin maliyyə dəstəyi ilə öz funksiyalarını icra edən AP sanki lobbiçilik təşkilatına çevrilib.

"Son zamanlar AP-nin ən üst təbəqələrində korrupsiya faktlarının aşkara çıxarılması, bu təşkilatın sifarişlər əsasında qətnamələr hazırlamasının bariz nümunəsi kimi qiymətləndirilə bilər. İkili standartlar, selektiv yanaşma, reallıqları gözə almamaq və işğalçıya dəstək artıq çoxdan AP ruhuna hopub. Belə bir təşkilatdan hansısa demokratik, humanist və reallığı özündə əks etdirən mövqe gözləməyə dəyməz.

Laçın yolu ətrafında başlanmış humanitar yönümlü aksiyanın erməni ictimaiyyəti tərəfindən "humanitar fəlakət" kimi qiymətləndirilməsi və dünyaya tanıtdırılması tamaşasında AP-nin oyuncağa çevrilməsi yalnız və yalnız təəssüf hissi doğurur.

Azərbaycan Qarabağda yaşayan erməniləri öz vətəndaşları hesab edir, onlara bütün hüquqlardan tam sərbəst istifadə etmək şəraitini təmin edir və Laçın yolunun bağlanmadığını əyani şəkildə bütün dünyaya sübut edir. Sonuncu dəfə dövlətimizin başçısı tərəfindən bu barədə açıq şəkildə və detallı olaraq Münxen Təhlükəsizlik Konfransında iştirakçılara məlumat verilmişdi.

İndiki şəraitdə hər iki ölkə arasında sülhün bərqərar olması üçün bütün səylərin səfərbər olduğu bir müddətdə AP-nin belə qətnamə qəbuluna hazırlaşması ancaq və ancaq erməni lobbisinin və Fransa kimi riyakar dövlətlərin ambisioz siyasətinə xidmətdən başqa bir şey deyildir", - deyə politoloq vurğulayıb.

O deyib: “Yaxşı olardı ki, AP Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi haqqında məlumatları Ermənistanın siyasi hakimiyyətindən tələb etsin, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 4-cü və 9-cu bəndlərinin icrasının təminatı istiqamətində Ermənistana qarşı siyasi təzyiqlər göstərsin, Laçın yolunun reallığa uyğun olaraq qiymətləndirilməsini işıqlandırsın. Eyni zamanda, 1999, 2008, 2018-ci illərdə Ermənistanda siyasi çevrilişlər nəticəsində qətlə yetirilmiş insanların cəlladları olan erməni siyasətçilərinin cəzalandırılması üzrə bəyanatlar versin, 30 il ərzində Azərbaycana qarşı törədilmiş ekosid, urbisid və genosid cinayətlərini qiymətləndirsin.

Qeyd olunan hallara rəğmən Azərbaycan bölgədə sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində lazım olan vacib addımları atmaqda davam edəcək. Buna dövlətimizin həm siyasi, həm iqtisadi və həm də hərbi qüdrəti yetərlidir.

Ermənistanın sifarişləri əsasında işləyən AP kimi təşkilatların isə qətnamələri Azərbaycanı öz haqq yolundan döndərə bilməz".("AZERTAC")

Oxşar xəbərlər