Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə bildirilib ki, bu gün çoxlarının xəbəri olmamasına rəğmən, keçmişdə İrəvan şəhərinin mütləq əksəriyyətini Azərbaycan türkləri təşkil edib. 1897-ci ildə İrəvan quberniyasında 77 min 491 azərbaycanlı və 58 min 148 erməni yaşasa da, amansız etnik təmizləmə kampaniyasından sonra adı çəkilən şəhərdə hazırda erməni əhalisi üstünlük təşkil edir və bölgədə bir nəfər də azərbaycanlı qalmayıb.
Qeyd olunub ki, Qərbi Azərbaycan icması son günlər Ermənistanın baş naziri Nikol Paşinyana ünvanlanmış “etnik təmizləmənin bəşəriyyətə qarşı cinayət olduğunu və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətlə öz torpaqlarına qayıdışının qanuni olduğunu” açıqladığı ictimai müraciətini dərc etdikdən sonra sözügedən mövzu xəbər saytlarında manşetə çevrilib. Eyni zamanda, Azərbaycan parlamentində Qərbi azərbaycanlıların iddiaları ilə bağlı dinləmələr keçirildiyi də məqalədə diqqətə çatdırılıb.
İsrailli politoloq yazısında öz hekayəsini Qərb auditoriyası ilə bölüşən Qərbi Azərbaycan qaçqını, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyevə də istinad edib: “Ermənistan monoetnik ölkədir. Ermənilər istəmirlər ki, onların yanında başqa millətlər, etnik qruplar yaşasın. Onlar nifrətlə etnik təmizləmə siyasəti aparırdılar. Atam kənd təsərrüfatı üzrə direktor köməkçisi işlədiyi məktəbdə rayon olimpiadasının qalibi olanda ermənilər etiraz etmişdilər: “Məgər erməni tələbə tapmadınız? Türk (azərbaycanlı) oğlanı niyə mükafatlandırmalıyıq?” Hər il aprelin 24-də ermənilər azərbaycanlıları qətlə yetirirdilər. Azərbaycanlılar ermənilər tərəfindən hər zaman sıxışdırılsa da, biz öz vətənimizdən ayrılmaq istəmirdik. Biz əsrlər boyu orada yaşadıq və geri dönəcəyik!”
Məqalədə, həmçinin ermənilərin 1905-1906-cı illərdə də etnik təmizləmə siyasətinin ilk mərhələsini həyata keçirdikləri də diqqətə çatdırılıb.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://foreignpolicyblogs.com/2023/03/10/the-plight-of-a-western-azerbaijani-refugee/